“ÖZÜ ÜÇÜN DARIXAN” HÜQUQÇU QIZIN MÖHTƏŞƏM HƏYAT MÜBARİZƏSİ
19-09-2023, 11:04

- Pərvinin yenidən normal həyata qayıtmaq uğrunda mücadiləsində güvəndiyi və dəstəkçisi mərhəmətli insanlardır
Pərvin barədə çox yazılıb. Həyat eşqi ilə dolu bu gəncin ürəkparçalayan hekayəsi və yenidən normal həyata qayıtmaq üçün inanılmaz mücadiləsi barədə biz də bir neçə dəfə yazmışıq. Yenidən mövzuya qayıtmağımız Pərvinin ağır xəstəliklə çətin savaşını sona çatdıra bilməsi üçün mərhəmətli insanların dəstəyinə ehtiyac duyması ilə bağlıdır.
Pərvin 2009-cu ildə Bərdədə orta təhsili uğurla bitirdikdən sonra yüksək balla Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub. 2013-cü ildə BDU-nun eyni fakültənin magistr pilləsini yüksək qiymətlərlə başa vurduqdan sonra dövlət qulluğuna qəbul müsabiqəsində də yaxşı nəticə ilə Nəqliyyat Nazirliyində hüquqşünas vəzifəsində fəaliyyətə başlayıb.
Pərvinin ən böyük arzularından biri vəkil olmaq, insanların hüquqlarını qorumaq idi. Bu məqsədlə o, sənədlərini Vəkillər Kollegiyasına üzvlüklə bağlı qəbul imtahanlarına qatılmaq üçün təqdim etmişdi. Lakin 2018-ci ilin avqust ayında qəfil beyninə qan sızması nəticəsində Pərvini yaxalayan ağır xəstəlik bu arzusunu yarımçıq qoydu.
Pərvinin tələbə yoldaşı, kampaniyalarının ən fəal iştirakçılarından biri, vəkil Xəyalə Məmmədova yazır: “Əgər bu xəstəlik olmasaydı, əminəm, Pərvin ölkənin ən yaxşı vəkillərindən biri olacaqdı.”
O müdhiş gün baş verənləri Pərvin belə təsvir edir:
“Beyin qanaması keçirdikdə xəstəxanaya gedərkən ürəyim dayanıb və mənə elektroşok tətbiq ediblər. Mənə hələ də maraqlıdır ki, Ambluans Mərkəzi Klinikanınkı olmasaydı, bu qədər şanslı ola biləcəkdimmi? Beyin qanaması keçirdiyim an və reanimasiyada bütün bu əzabları çəkməyib ölmək üçün Allaha yalvarmışam. Üç ay boğazımda traxistoma olduğu üçün danışa bilməmişəm, ağızdan su və yemək qəbul edə bilməmişəm. Üç ay burnumdan qida borusu vasitəsilə bəslənmişəm. İlk dəfə traxistoma çıxıb, burnuma oksigen dolanda gözümə yaş gəldi sevincdən. O an mən həyata yenidən gəldim, baxmayaraq ki, boynumdan aşağı heç yer tərpənmirdi...”
Öncə Mərkəzi Klinikada bir müddət müalicə alan Pərvin daha sonra 3 il müddətində müalicəni evdə davam etdirməli olub. Ailəsi onun normal həyata qayıtması üçün imkanı çatan hər şeyi edib. Amma ev şəraitində davam edən 3 ilə yaxın müalicə nəticəsində səhhətində ciddi irəliləyiş baş verməyib, nitq və yerimə qabiliyyətinin olmaması sosial həyata qayıtmasına imkan verməyib.
Bu arada dostlarının başlatdıqları dəstək kampaniyaları çərçivəsində yığılan vəsait hesabına Pərvin müalicəsini Türkiyədə - Romatem Klinikasında davam etdirmək imkanı qazanıb. Orada olduğu iki ay müddətində səhhətində önəmli irəliləyiş baş verib - nitqi xeyli aydınlaşıb, köməkçi vasitələr olmadan bədən ağırlığının öhdəsindən gələ bilir. Lakin bərpa prosesinin daha effektli olması üçün bir müddət də Türkiyədə müalicəsini davam etdirməyə - fizioterapiya prosedurlarına və əməliyyata ehtiyac var. Bu xəstəliyin müalicəsi isə uzun çəkən prosesdir və baha başa gəlir. Pərvinin ailəsinin isə bu yükü təklikdə çəkmək imkanı yoxdur (Romatem Klinikasında aylıq müalicə xərci 7500 dollara başa gəlir).
Pərvin və bu möhtəşəm mübarizəsində onu tək qoymayan dostları (bu müddətdə onların sırasına çox sayda yeniləri əlavə olunub) onun müalicəsini davam etdirə bilməsi üçün vəsait toplamaq məqsədilə sosial şəbəkələrdə kampaniyanı davam etdirirlər. Sentyabr ayında (2023-cü il) müalicəsi üçün tələb olunan 1200 azn-i toplaya bilməsə, müalicəsi yenə yarımçıq qalacaq.
Pərvinin dəstək üçün mərhəmətli insanlara müraciəti ümidlərlə doludur:
"Dostlar, bu mənim Həyat Mübarizəmdir. Mən inanıram ki, məni tanıyan və tanımayan hər kəs mənim həyatıma geri dönməyim üçün əlindən gələni edəcək. Özüm üçün çox darıxmışam."
Pərvinə dəstək olmaq istəyənlər üçün bu məqsədlə açılmış bank kartının məlumatlarını əlavə edirik:
KAPITAL BANK
4169 7387 2615 9365
FIDAN FARZALIYEVA
BEYNELXALQ BANK
4127 2093 0423 6182
FIDAN FARZALIYEVA
Hüquqkar