Rəqəmdə maaş artıb: Realda həyat bahalaşıb... - NECƏ DOLANAQ?..
28-09-2023, 09:29

Son illər hökumət məvaciblərin artırılması məsələsinə həssas yanaşsa da, bu, əhalinin həyat şəraitini yaxşılaşdırmır. Çünki inflyasiya göstəricisi çox yüksəkdir. Qiymətlər sürətlə artır. Əhalinin sosial təminatı istənilən səviyyədə deyil. Nominal gəlirlərin artması vəziyyəti yaxşılığa doğru dəyişmir.
Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin 10 mindən çox ailənin iştirakı ilə apardığı araşdırma real mənzərəni ortaya qoyub. Ailələrin durumu qətiyyən yaxşılaşmayıb. Əksinə, real gəlirlər azalıb. Komitə son iki il ərzində paytaxtda inflyasiyanın 26 faiz olduğunu bildirir. Bu müddətdə Bakı sakinlərinin nominal gəliri cəmi 7 faiz artıb. Deməli, real gəlirlər təxminən 19 faiz azalıb. Son iki ildə Bakıda əhalinin adambaşına düşən orta aylıq gəliri cəmi 22 manat artıb. Çox aşağı göstəricidir.
Paytaxtda həyatın necə bahalaşdığını yaxşı görürük. Aşkar görünür ki, şəhər sakinlərinin güzəranı pisləşib. Bölgələrdə vəziyyət daha yaxşı ola bilərmi? Əlbəttə, yox. Ölkə əhalisinin az qala yarısı paytaxtda toplaşıb. Əyalət insanının həyat şərtləri daha da ağırlaşıb. Qazax-Tovuz iqtisadi rayonunda real gəlirlərin ən çox azalma göstəricisi qeydə alınıb. Təsəvvür edin, 32 faiz geriləmə var. Mil-Muğan iqtisadi rayonunda (Beyəqan, İmişli, Sabirabad, Saatlı) azalma 31 faiz olub. İndi Mil-Muğan iqtisadi rayonunda adambaşına düşən orta aylıq gəlir heç 300 manat deyil. İki il əvvəl 305 manat olub. Bu iqtisadi rayonda yaşayanlar azı 18 manat itirib.
Vəziyyətin pisləşməsini bir çox iqtisadi göstəricilərlə ortaya qoymaq, müqayisə aparmaq olar. Məsələn, azərbaycanlılar daha az ət yeməyə başlayıb. Adambaşına düşən illik mal əti istifadəsi təxminən 500 qram azalıb. Əhali daha çox quş əti istifadə etməyə başlayıb. Səbəbi məlumdur. İnsanlar daha ucuz qidalanmağa çalışır. İnflyasiya əhalinin sosial dayaqlarına böyük zərbələr endirir. Nominal gəlirlərin artması işə yaramır. Hökumət maaşları artıranda inflyasiyanın səviyyəsini mütləq nəzərə almalıdır. Əhalinin sosial durumu hər il bir az da ağırlaşır.
Bizimyol.info