Dayanacaq problemi: “Günə 8 manatı necə ödəyək?”

14-11-2023, 09:14           
Dayanacaq problemi: “Günə 8 manatı necə ödəyək?”
Şəhər mərkəzində işləyənlər üsyan edir: güzəşt tətbiq ediləcəkmi?
“Maaşımın yarısı parklanmaya gedir. Yeni qanun çıxıb, şəhərin mərkəzində hər 1 saata görə 1
manat parklanma pulu ödəməliyik. Mənim də iş yerim şəhərin mərkəzindədir. İş saatım isə 8
saatdır. Yəni, günə 8 manat parklanmaya ödəniş etməli oluram. Ona görə də işə maşınsız
gəlməyə başlamışam. Yoxsa, gündəlik 8 manat parklanmaya ödəsəm, ayda 200 manat xərcim
çıxar. Bu, nə vaxta qədər belə davam edəcək? Niyə öz maşınım olduğu halda işə maşınsız
gəlməliyəm? Bu hesabı nəyə əsasən tərtib ediblər? Görəsən, bu tarifi müəyyənləşdirəndə
insanların iş saatını nəzərə alıblarmı? Əvvəllər maşınım bütün gün parkingdə olurdu. Gün
sonunda cəmi 1 manat ödəyib, gedirdim. İndi isə vəziyyət çox pisdir. Heç olmasa, bu cür
işləyən insanlara güzəştlər edilsə yaxşı olar”.
Yeni parklanma qaydasından narazı olan Bakı sakini Ramal Vəliyev deyir ki, bu məsələyə tezliklə
baxılmalı, problem həll edilməlidir.
Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə təyin etdiyi yeni ödəniş
qaydalarına əsasən, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda
müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Həmçinin ödənişli
parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb
olunmur.
Qərardan məlum olur ki, şəhər mərkəzində işləyən şəxslər günə 7-8 manat parklanma ödənişi
etməlidir. Maaşlarının müəyyən qismi parklanmaya xərclənir. Bu isə onları narahat edir. Görəsən,
qiymətlər nəyə görə yuxarıdır və bu, nə dərəcədə ədalətlidir?
Mövzu ilə əlaqədar Pressklub.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki,
gələcəkdə bu qiymətin nəinki azaldılması, hətta artırılması nəzərdə tutulub.
“Azərbaycanda ilk dəfədir parklanma qaydası tətbiq olunur. Şəhər mərkəzində işləyən
şəxslərlə bağlı müraciətlər çoxdur. Aidiyyəti qurumlar bu məsələyə baxmalıdır. Tətbiq edilən
tarif bir neçə küçəni nəzərdə tutur. Şəhər mərkəzi dediyimiz küçələrin yaxınlığında yeraltı
dayanacaqlar var, onlardan istifadə etmək olar. Çıxış yolu kimi aidiyyəti qurumlar aylıq limitsiz
50-100 manatlıq paketlər təklif edir”.
Müsahibimiz deyir ki, insanları ictimai nəqliyyata üstünlük verməyə məcbur edirlər: “Şəhər
mərkəzində hamının maşınını saxlaya bilməsi anlayışı yoxdur. Məsələyə beynəlxalq
təcrübədən baxırlar. Digər ölkələrdə əhalinin böyük qismi ictimai nəqliyyatdan istifadə edir.
İşləyənlərlə bağlı konkret istiqamətlərdə məsələyə baxılmalıdır. Paket şəklində güzəşt oluna
bilər, amma bu, hər yerə aid edilə bilməz. Müxtəlif yerlərdə vəziyyətə baxıb, dəyərləndirmək
lazımdır”.
Ekspert bildirdi ki, problemin həlli üçün işləyən şəxslərə görə həm ayrıca tarif, həm də parkinq
hissəsi yaradılsa, məqsədəuyğun olar: “Çünki bu şəxslərin günə 7-8 manat parkinq pulu
ödəməsi ilə yanaşı, onlar həm də parkinq yerini 7-8 saat məşğul etmiş olur. Ona görə də 1-2
saatlıq gələnlər maşını parklamağa yer tapmır. Biri öz hüquqlarını müdafiə edəndə, digərinin
hüquqları pozulur. Ona görə də qısamüddətli parklanmalara keçid dövrü başlamalıdır”.
Vətəndaşlara görə, ədalət prinsipindən kənar olan bu qanun tezliklə dəyişdirilməlidir. İnsanlar
qazandığı pulun böyük qismini parklanmaya yatırmamaq üçün məhəllələrdə və ya kənar
yerlərdə parklanma edir. Bu da çox zaman piyadaları narahat edir, sıxlığa səbəb olur.
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyir ki, bu cür hallarda
həmin şəxslərə güzəştlər edilməlidir.
“Gün içində parklanmaya 8 manat ödənilməsi insanların büdcəsinə ciddi təsir göstərir. Buna
görə də vətəndaşlar binaların həyətində, parklanma üçün münasib olmayan yerlərdə
parklanma edirlər. Nəticədə daha çox problem yaranır, sıxlıq artır. Maşın sıxlığı yollardan bina
həyətlərinə yönəldilir. Problemin həlli isə ictimai nəqliyyata üstünlük verilməsi və lazımi
şəraitin yaradılması, həmçinin yaşayış və iş yerinin yaxınlığında parkinq edən şəxslərə
güzəştlərin tətbiq olunmasıdır. Vətəndaş parklanma yerinin 30-50 metrliyində iş yerinin
olduğuna dair arayış təqdim edərsə, ona mövcud tariflərdən 50% civarında müəyyən güzəştlər
tətbiq etmək mümkündür”.
Həmsöhbətimiz Pressklub.az-a açıqlamasında ictimai nəqliyyata üstünlük verilməsinin
vacibliyindən danışıb:
“Parklanma ödənişləri şəhərin mərkəzində avtomobil sıxlığının olmaması üçün tətbiq edilib.
Yəni, şəhər mərkəzinə yaxın yerlərdə işləyən şəxslərin avtomobilini həmin ərazilərdə
saxlaması orada sıxlığın yaranmasına səbəb ola bilir. Mövcud qərarın məqsədi ictimai
nəqliyyatdan istifadəni təşviq etməkdir. Parklanma üçün yüksək məbləğlər təyin olunursa,
ictimai nəqliyyat üçün də şərait yaradılmalı, onlara xüsusi yollar ayrılmalıdır. İctimai
nəqliyyatda mənzil başına çatma tezliyi daha yüksəkdir. Yəni, onlar üçün müəyyən yollar
ayrılıb ki, tıxacdan kənarda hərəkət edə bilsinlər. Bu, təbii ki, işə tələsən insanlara kömək olur.
Yəni, öz avtomobili ilə işə gecikərək və əlavə xərc ödəyərək getməkdənsə, ictimai nəqliyyatla
gecikmədən getmək daha məqsədəuyğundur. Ümumiyyətlə, parklanma şəraitinin
yaxşılaşdırılması yerində olmuş dəyişiklikdir. İlk addımdan bütün tərəflər razı qala bilməz.
Problemin yaranması normaldır, sadəcə, onu vaxtında həll etmək lazımdır”.
Ekspertlərin dediyindən belə aydın olur ki, bu qərar və qadağalarla insanların daha çox ictimai
nəqliyyata üz tutmasına stimul yaradırlar. Amma insanlar avtomobili olduğu halda ictimai
nəqliyyatdan istifadə etməyə məcbur edildiklərinə görə bu qərardan narazıdır. Çünki xərc çəkib,
əziyyətlə avtomobil alırlar, amma hər gün işə ictimai nəqliyyatla gəlməli olurlar. Əlbəttə, onlar bu
fikirlə razılaşmır. Deyirlər ki, insan öz maşını ilə işə gedib-gələ bilməyəcəksə, o maşın niyə var?
Vətəndaşlar tezliklə problemin həllini və ya müəyyən güzəştlərin tətbiq edilməsini istəyir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Pressklub.az saytına açıqlamasında bildirdi ki, qiymət
daha ucuz olarsa, sistem işləməyəcək.
“Bu tarifin məqsədi ondadır ki, çəkindirici funksiyası olsun. Yəni, sürücülər avtomobillə səfər
etməkdən çəkinsinlər. Çünki maşınlar küçədə o qədər yer tuturdu ki, piyadalar hərəkətdə
çətinlik çəkirdilər. İndi isə əskinədir. Bu da küçələrdə hərəkəti nizamlamış olur. Piyadaların
hərəkətinə məhdudiyyət aradan qalxır. Küçə parklanması qiyməti formalaşdıqdan sonra tələb
yaranıb ki, parklanma üçün əlavə yerlər inşa olunsun. Bütün müasir şəhərlərdə bu sistem
işləkdir. Bu layihə 5 il öncədən olmalı idi. Gec də olsa, doğru addım atmışıq. Bu yolla davam
edəcəyik. Amma qiymətlərin irəlidə dəyişmə ehtimalı ola bilər. Daha ucuz olduğu halda onun
funksionalığı itir”.
Digər ekspertlərin sözlərinə görə, parklanma tarifi xarici praktika, ümumi ərazinin
qiymətləndirilməsi, 1 kvadrat metrə düşən avtomobillərin sayı və həmin ərazidə yerləşən
müəssisələrin gəlirinə əsasən hesablanır. Amma yenə də, mərkəzdə işləyən şəxslər bu tariflə
razılaşmır, sistemin ədalətsiz qurulduğunu iddia edirlər.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, parklanma sisteminin vahid qiymət strategiyası ilə
aparılması heç doğru deyil. O, Pressklub.az-a açıqlamasında bu barədə danışıb: “Biz inkişaf
etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, parkinq məsələsi ilə seçilmiş bələdiyyələr
məşğul olur. Bu bələdiyyələr növbəti seçkilərdə qələbə qazanmaq üçün vətəndaşların
maraqlarını nəzərə alırlar. Bizdə isə vahid tarif sistemi tətbiq olunur. Bu da zənnimcə, doğru
deyil. Çünki iş yerlərinin yaxınlığında pulsuz avtodayanacaqlar olmadıqda 8 saat iş rejimində
çalışan vətəndaşlar günə 8 manat parkinq ödənişi etməli olurlar. Bu da onlara maddi problem
yaradır. 5 günlük iş həftəsini götürsək, hər gün 8 manat ödəsələr, aya 200 manata yaxın vəsait
olur. Bu, çox böyük məbləğdir”.
Müsahibimiz bildirdi ki, problemin həlli üçün birdəfəlik ödəniş kartları tətbiq edilməlidir.
“Bir çox ölkələrdə birdəfəlik ödəniş kartları tətbiq olunur. Avtomobil həmişə eyni yerdə
dayanırsa, ona ya 1 aylıq, ya 6 aylıq, ya da 1 illik ödəniş kartları tətbiq olunur. Uzunmüddətli
alındıqda isə daha ucuz başa gəlir. Yəni, indi saatı 1 manatdırsa, o zaman günü 1 manat olur.
Bu yanaşma daha məntiqlidir. Vətəndaşlar üçün də yüngül və rahat olar. Bundan əlavə, şəhər
ərazisində istənilən parkinqdən istifadə etmək üçün ayrıca kartlar ola bilər. Bu sistem ilə
aidiyyəti dövlət orqanının büdcəsinə yüklü vəsait daxil ola bilər. Yəni, 100 min – 200 min
sürücü birdəfəlik 6 aylıq və ya 1 illik kart alacaqlarsa, bu, milyonlarla məbləğin həmin orqanın
büdcəsinə daxil olması deməkdir”.
Hamı deyir ki, yeni parklanma qaydasının əsas məqsədi insanları ictimai nəqliyyata təşviq
edərək, yollardakı sıxlığı azaltmaqdır. Başqa tərəfdən, insanları ictimai nəqliyyata yönəltməzdən
öncə, həmin nəqliyyat problemlərini aradan qaldırmaq lazımdır. Vətəndaşların sözlərinə görə,
bunun üçün avtobusların texniki vəziyyəti və təmizliyinə nəzarət gücləndirilməli, marşrut xətti
genişləndirilməli, avtobusların və metroların sayı artırılmalı, yollarda bütün avtobuslar üçün
xüsusi zolaq çəkilməli, köhnə və kiçik həcmli avtobuslar yenisi ilə əvəz edilməlidir. Bunlar həll
edildikdən sonra insanları ictimai nəqliyyata yönəltmə planlarının başladılması daha
məqsədəuyğun olar.
Hələlik isə şəhər mərkəzində işləyən və yaşayan şəxslər üçün müəyyən güzəştlərin
yaradılmasını gözləməli olacağıq.
Günay Elşən
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.