MTRŞ-dan Türkiyədə bağlanan kanallar haqda - Açıqlama
21-07-2016, 21:37
Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) tərəfindən lisenziyası ləğv edilən kanalların heç biri Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının siyahısında yoxdur.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Aparat rəhbəri əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının teleradio yayımı üçün xüsusi razılığı (lisenziya) olmayan xarici kanalları retranslyasiya etmək hüququ yoxdur.
T. Məmmədov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçıları yalnız xüsusi razılığı (lisenziya) olan xarici kanalları retranslyasiya etmək hüququna malikdir.
Qeyd edək ki, RTÜK-ün FETÖ/PDY təşkilatları ilə əlaqəsi olan, onu dəstəkləyən kanalların lisenziyasını ləğv edib. Lisenziyası ləğv edilən televiziya və radiolar bunlardır: STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shoping TV, Samanyolu Xəbər Radio Anadolu. (APA)