MƏTBUAT DƏRDLƏRİMİZİ NİYƏ DEMİR?

23-07-2016, 08:23           
MƏTBUAT DƏRDLƏRİMİZİ NİYƏ DEMİR?
Yəqin rayonlara yolu düşənlər bunu müşahidə ediblər ki, yerli əhali şəhərdən gələnlərə aşırı maraq göstərir, onlarla fəal ünsiyyətə can atırlar. Dərhal da “oralarda nə var, nə yox” kimi şablon suallarla adamdan söz qoparmağa, sanki nəsə onlardan gizlədilən vacib bir şeyi öyrənməyə çalışırlar. Səni tanıyırlarsa, hansı peşənin sahibi olduğunu bilirlərsə, vəziyyət daha da mürəkkəbləşir, yəni suallar bir az da konkretləşir və qəlizləşir. Rəsmi şəxslər belə adamlara çox üz vermir, deputatların bir qismi belə sorğu-suallara ürəklə girişir, amma çoxları aradan çıxmağın dürlü yollarından bəhrələnirlər. Biz jurnalist tayfası üçün belə sadə və səmimi insanlarla ünsiyyət reallığı dərindən duymaq, gerçək vəziyyəti müşahidə etmək, adamların nə düşündüyünü anlamaq fürsətidir.

Bölgələrdə camaatın əsas şikayəti budur ki, mətbuat bizim dərdlərimizdən niyə yazmır, televiziyalar göz qabağında olan nöqsanlara niyə göz yumur, tənqid niyə qeybə çəkilib? “Yol, işıq, səhiyyə sahəsində problemlər nəmənədir ki, bizim mətbuat bunlardan yazmır” deyən bir kənd müəlliminin sağa-sola baxıb ehtiyatla dediyi sözlər heç qulaqlarımdan getmir: “əvvəllər ANS belə şeyləri tənqid edirdi, bəzən xeyri də olurdu, amma indi camaat dərdini deməyə, ürəyini boşaltmağa bir jurnalist tapmır. Odur ki, çoxumuz əlacsızlıqdan telefonlarda “Azərbaycan saatı” verilişinə baxırıq, heç olmasa onlar tənqid verir, sözümüzü deyirlər”…

* * *

Azərbaycanda son illər hökumətdən ən çox qayğı görən sahələrdən biri mətbuatdır: vergilər azaldılıb, nəşriyyata olan borclar dəfələrlə bağışlanıb, jurnalistlərə pulsuz ev verilir, media qurumlarına davamlı maddi yardım göstərilir və s. Amma bu qayğının müqabilində mətbuatın nə hörməti artıb, nə də cəmiyyətə təsiri. Əvəzində giley-güzarlar çoxalıb ki, jurnalistlər məişət səviyyəsində narahatlıq yaradan xırda nöqsanlardan tutmuş, cəmiyyətin inkişafına, dövlətin möhkəmlənməsinə mane olan problemlərədək çox şeyləri tənqid edə bilmirlər. Çünki tənqid bir göstəricidir, media azadlığının və mətbuatın nə dərəcədə effektli çalışmasının indeksidir. Digər tərəfdən, tənqidi düşüncə şüurun elə bir ali vəziyyətidir ki, onun sayəsində insan mütilikdən qurtulub ətrafla münasibətini yalnız öz iradəsinin hökmü ilə qura bilir. Tənqidi düşüncənin olmaması cəmiyyəti sükünət halına salır.

Təbii ki, tənqidin gərəkliliyi barədə bu deyilənləri bütün jurnalistlər yaxşı bilir, redaktorlar da vaxtilə tənqidi yazıların əks-sədası altında az xoşhallanmayıblar. Amma indi, sanki əksər jurnalistlərdə qorxu və çəkingənlik artıb, qələm sahiblərində “qisas xofu” sindromu yaranıb. Son dövrlərdə müstəqil mətbuata qarşı atılan bəzi addımlar tənqidi səsləri boğmaq istəyənlər üçün tam cəzasızlıq, media icması üçün isə qorxu mühiti yaradıb. Görünür, jurnalistikamızın tarixindəki “qara zolaq” deyilən qətllər, həbslər, mühacirət, hakimiyyətlə daimi münaqişələr dövrü də media əhlinin psixologiyasına, onların “ağıllı” davranmalarına öz təsirini göstərib.

Dünyanın hər yerində şəxsi həyat üçün riskli olan təhqiqat jurnalistikası bizdə də ciddi şəkildə axsayır, araşdırmaların mövzu dairəsi daralıb, redaksiyalarda “az aşım, ağrımaz başım” prinsipinin təsiri ilə özünüsenzura geniş yayılıb və indi ölkədə media azadlığı problemlərinin ən böyüyünə çevrilib. Belə senzuranı ləğv etmək, jurnalistlərdə təpər yaradıb onları gərəkli psixoloji hala gətirmək açıq senzuradan xeyli çətindir. Jurnalistikamızda müstəqilliyin ilk illərində üzə çıxmış mətbuat ənənələrinə biganə olan yeni nəsil, yeni əxlaq və yeni strukturlaşma möhkəmlənməyə başlayıb.
* * *

Jurnalistikanın əsas qayəsi və prinsipi həqiqəti üzə çıxarmaqdır, jurnalist dünyada yeganə peşədir ki, ondan yalnız həqiqəti söyləmək tələb olunur. Həqiqətə qovuşmağın bir yolu da tənqiddən keçir. Nə qədər başağrısı yaratsa belə, tənqid cəmiyyətdə mediaya yalnız nüfuz qazandırır, onun asılı və “satqın” olmadığını göstərir. Ona görə də tarixən – qəzet meydana çıxandan, cəmiyyət həyatına nüfuz edəndən onun bir missiyası da tənqidçilik olub. İndi normal ölkələrdə ictimai nəzarətin bir forması kimi nöqsanları tənqid etmək medianın birbaşa missiyası sayılır. Məhz tənqid etməklə media cəmiyyətdəki yanlış meyilləri göstərir, gizlinləri üzə çıxarır və cəmiyyəti mövcud təhlükələrdən xəbərdar edir.

Bəzən sıravi jurnalistlər də, qəzet redaktorları da “heç kim bizi oxumur” deyə şikayətlənirlər. Adamlar doğrudan da qəzet oxumurlar. Bunun min bir səbəbi var, amma əsas səbəb insan psixologiyası, insan marağı ilə bağlıdır. Bu qəzet mənim dərdlərimi yazırsa, onun çarəsini tapmaq üçün yollar arayırsa, mən bu qəzeti oxuyacam, əksinədirsə, heç qəzet köşkünün yanından belə keçməyəcəm. Deməli, dərdlərdən, cəmiyyətin inkişafına buxov olan problemlərdən yazmaq və nöqsanları cəsarətlə tənqid etmək lazımdır.
Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.