Otellərin pulu ciblərində qalacaq: Bəs bizim pulumuz?
28-12-2023, 10:47

Gələn ildən etibarən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 % azaldılacaq.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir.
Maraqlıdır bölgələrdə hotellərin və sanatoriyaların vergilərdən azad olunması qiymətlərə və turizmin inkişafına necə təsir edəcək?
Sözügedən məsələ ilə bağlı “Cebhe.info”- ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki,Regionlarda turizm həyatının canlanmasına, iş yerlərinin açılmasına və turistlərin axınına səbəb olan müsbət addımdırə:
“Azərbaycanda 750-yə yaxın otel və yerləşmə yeri var. Ümumi otaq fondumuz təxminən 27 min, 60 minə yaxın isə yataq fondumuz var. Bu Azərbaycan üçün böyük rəqəm hesab edilmir. Ona görə vergilərlə bağlı sahibkarların lehinə yeni qərarlar qüvvəyə minməlidir”.
Ekspert həmçinin bildirib ki, bu cür vergi güzəştlərinin 3 il müddətinə nəzərdə tutulması kifayət qədər yaxşı zamanlamadır:
“Düşünürəm ki, bu cür güzəşt paketlərinin say çeşidi rayonlara görə daha da artırıla bilər. Son nəticədə bu regionda yeni tikinti işlərinin aparılmasına stimul olacaq. Eyni zamanda, turizm biznesinin və turist axının, regionda istər daxili və istər xarici turistlərə yönəlmiş aktivliyin artırılmasına gətirib çıxaracaq. Əgər qarşımızda hədəf olaraq turizmin canlanması və gələcəkdə ölkəyə gələn xarici turistlərin sayının xüsusən Dövlət Turizm Agentliyi tərəfindən qeyd olunduğu kimi, 2026-ci ilə kimi xarici turistlər 4 milyon, daxili turustlərin sayı isə 6 milyona çatacağını qoymuşuqsa, bu addım təqdirəlayiqdir. Düşünürəm ki, bu saylara çatmaq üçün bu və digər təşviqedici metodlardan istifadə olunması çox yerində addımdır. Bunun davamlı olması əlavə olaraq turizmə bir təşviq olacaq”.