"Vətəndaş xaricdəki kimi gəlir bəyannaməsi vermirsə, çirkli pulların yuyulması ilə mübarizə real sayılmır"
24-02-2024, 10:56

Bir müddət əvvəl Türkiyədə yüzlərlə fenomenlə bağlı araşdırma başlandı. Onlar çirkli pulların yuyulması ilə bağlı şübhəli hesab edilirdilər. Bəs Azərbaycanda necə, çirkli pulların yuyulması baş verərsə, bunu aşkarlamaq mümkün ola bilərmi?
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çirkli pulların yuyulmasına qarşı Azərbaycanda real mübarizə yoxdur. Vətəndaşların gəliri və gəlir bəyannaməsinin olmaması buna əsas səbəbdir.
“Çirkli pullara qarşı mübarizə nədir? Mən gedib nəsə alanda, pul qoyanda məndən soruşurlar ki, “hardandır bu pul?” Mənbəyini göstərməliyəm. Mən də indi istənilən mənbəyi göstərə bilərəm. Məsələn, "babamdan qalıb, nənəmdən qalıb" deyərəm. Çünki mən gəlirimə dair bəyannamə verməmişəm. Bu gün xarici ölkələrdə - Avropadakı, Amerikadakı insanlar bəyannamə verir. Sabah bir məsələ olanda, pul olanda soruşurlar ki, “bəs nə oldu, sən bunu bəyan etməmişdin axı?” Yəni bizdə bununla bağlı real mübarizə yoxdur”-deyə iqtisadçı vurğulayıb.
P.S. Atam danışırdı ki, sovet dövründə bütün məmurlar, dövlət işçiləri, deputatlar hamı nəzarətdə idi. Məsələn; hansısa bir məmur, işinin qarşılığında aldığı maaşını aşa biləcək ev, avtomobil aldığı zaman dərhal sorğuya çəkərdilər ki, "bu pul səndə hardandır?", "dövlətin malını yeyirsən, yoxsa çirkli pul təmizləyirsən?"
Təbii ki, mən demirəm "sovet dövrü yaxşı idi". Xeyr! Sadəcə məmurlara, deputatlara və bəzi dövlət işçilərinə baxanda adam düşünür ki, “bu gəlirin mənbəyi nədir?” Ya da belə düşünürsən ki, “gəlir, hara gedir?”