Kənddən şəhərə gələn təhlükə: Zəhərləyir, öldürür...
24-02-2024, 17:38

Meyvə-tərəvəzdən zəhərlənmə hallarını bir çox hallarda həmin bitkilərin həddən artıq dərmanlanması ilə əlaqələndirirlər. Uzun illərdir ki, fermerlər məhsuldarlıq üçün müxtəlif pestisidlərdən faydalanır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov hesab edir ki, əsas məsələ dərmanlamanın düzgün qayadada aparılmasıdır:
“Aqrotexniki tədbirlər görülmədikdə bitkini saxlamaq mümkün deyil. Dərmanlama və dərmanlar intensiv və kontakt olaraq 2 cür olur. İntensiv dərmanlama bitkinin və meyvənin tərkibində 15-20 günə qədər öz tərkibini saxlayaraq onu mühafizə edir. Bu dərmanların üzərində istifadədən sonra həmin meyvənin 20 günə qədər dərilməməsi qeyd olunur.
Bəzən kəndlilər məlumatsızlıqdan bu cür dərmanlanmış meyvələri daha tez dərməyə və yığmağa başlayır. Bu isə müəyyən xəstəliklərin yaranmasına səbəb olur.
Hazırda fermerlərin ən böyük problemi məlumatsızlıqla bağlıdır. Onlara xüsusi təlimlər keçirilməli, dərman vasitələri, bitkilərin düzgün becərilməsi ilə bağlı informasiya verilməlidir. Gübrələmənin, dərmanlamanın hansı qaydada və hansı vaxt ərzində keçirilməsi öyrədilməlidir. Məsələn, payızda verilməli olan gübrə yazda verilir və yığım vaxtı gübrənin tərkibində olan maddələr həmin bitkinin tərkibində qalır. Bitkilərlə bağlı zəhərlənmə və xəstəlik halları bu cür proseslərin düzgün aparılmamasından baş verir.
Ancaq hazırda bitkinin əkilib-becarilməsi dərmansız, gübrəsiz də mümkün deyil. Bu gün bitkilərlə bağlı dərmanlar olduqca artıb, lazım oldu-olmadı meyvələrə və tərəvəzlərə həddən artıq dərman vurulur. Əsas məsələ düzgün və vaxtında dərmanlamanın həyata keçirilməsi ilə bağlıdır”.
Ekspert turşulardan zəhərlənmə hallarının səbəbini də açıqlayıb:
“Adətən, turşu üçün nəzərdə tutulan tərəvəzi yaxşı yumadıqda üzərində az da olsa torpaq qalır. Həmin torpaq bankanın içərisində konservləşdirilən zaman çox kəskin bir zəhərə çevrilir. Turşudan zəhərlənmə hallarının yeganə səbəbi tərəvəzin təmiz yuyulması ilə bağlıdır. Ona görə də turşu bağlayarkən bitkilərin tam təmiz və dəfələrlə yuyulması olduqca vacibdir”.
Mənbə: yenisabah.az