Bakının mənzil bazarında ajiotaj: - Son 1 ildə mənzillərin qiymətində kəskin bahalaşma var

26-02-2024, 15:22           
Bakının mənzil bazarında ajiotaj: -
Doqquz il əvvəl baş tutan ardıcıl iki devalvasiya mənzil bazarına da təsirsiz ötüşməmişdi. Hər şeydən əvvəl şərtlər dəyişmişdi. Mənzil bazarının oyunçuları əvvəllər dolları əsas ifadə valyutası hesab edirdisə, devalvasiyadan sonra bunun təhlükəli olduğunu anladılar. Çünki manata etibar qalmadı. Mənzilləri dollarla satışa çıxarmaq mümkünsüzə çevrildi. Manatla ifadə olunmaqdan başqa çarə qalmadı.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzil bazarındakı ajiotajdan danışıb. O, Bakıda kəskin bahalaşma olduğunu deyib. Son bir ildə mənzillərin qiyməti azı 10 faiz artıb. Təkcə ötən ilin dekabrı ilə müqayisədə 2-3 faiz bahalaşma var.

Mütəxəssisin dediyindən belə çıxır ki, bazarda tələb təklifdən xeyli azdır. Daha dəqiqi, ciddi alıcı fəallığı hiss olunmur. Bu da getdikcə şərtlərin daha da ağırlaşmasına görədir. Amma real alıcı qıtlığı fonunda qiymətlərin artması yalnız təəccüb doğura bilər.

Qiymət dinamikasına təsir göstərən daha bir amil paytaxtda yeni binaların tikilməsi üçün az qala yer qalmamasıdır. Müəyyən mənada mənzil qıtlığı ehtimalı var. Buna görə də bazarda bahalaşma təbii qarşılanır. Amma getdikcə paytaxtda mənzil daha əlçatmaz olur. Yəni qiymətlər gerçəklikdən xeyli uzaqlaşıb.

Vüqar Oruc bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri daha çox bahalaşıb. Onun sözlərinə görə, bölgələrdə də bu istiqamətdə ciddi bahalaşma var. Əsas səbəb torpaq sahələrinin azlığıdır. Buna görə həm paytaxtda, həm də bölgələrdə fərdi evlərin qiymətləri çox artıb. Çünki torpaq almaqla yanaşı, tikinti işini həyata keçirmək lazımdır. Torpaq sahələri onsuz da bahalaşıb. Üstəlik, tikinti materialları ucuz deyil. Texnika kirayəsinin qiyməti də artıb. Bütün bunları nəzərə alsaq, fərdi ev tikintisinin bahalaşmasına təəccüblənməməliyik.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri maraqlı məsələyə toxunub. Vüqar Oruc deyir ki, mənzillərə daha yerləşmə yerinə görə qiymət verilmir. Məsələn, bəzən metronun “Həzi Aslanov” stansiyasına yaxın ərazidə mənzil elə mərkəzdəki qiymətə olur. Mütəxəssis bu mənada çox dəqiq müşahidəsini paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.