“Müəllimlər direktora faiz ödəyirlər” - FAKT BUDUR!

28-02-2024, 09:49           
“Müəllimlər direktora faiz ödəyirlər” - FAKT BUDUR!
“Bu günlərdə həm sosial şəbəkələr, həm də rəsmi saytımız vasitəsilə Ümid Partiyasının təhsillə bağlı xüsusi proqramının xülasəsini təqdim etdik”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, təhsil cəmiyyətin və dövlətin əsas sütunlarından biridir:

“Azərbaycan da polietnik dövlət olduğu üçün məhz təhsil məsələsinə xüsusi diqqət ayırmalıyıq. Çünki başqa dövlətin agentura şəbəkələri maarifsiz cəmiyyəti istifadə etmək daha rahatdır. Azərbaycanı istəməyən dövlətlər casus şəbəkələrindən istifadə edərək maarifsiz, təhsilsiz cəmiyyətin içinə dalaraq bundan istifadə etmək istiqamətində addımlar atırlar. Yəni dövlətimizin sütunlarının zəiflədilməməsi üçün təhsillə bağlı əsas məsələ olaraq bunu götürməliyik. Dante Aliqyerinin də dediyi kimi, təhsil çörək və sudan sonra xalqın ən zəruri ehtiyacıdır. Bundan başqa, Hacı Zeynəlabidin Tağıyev qeyd edirdi ki, bir oğlana təhsil versək, bir insanı təhsilləndirmiş oluruq, bir qıza təhsil versək, bir ailənin savadlandırılması istiqamətində addım atmış oluruq”.

Həmsöhbətimiz məktəblərdə hazırlıqların keçirilməsini də əsas problemlərdən biri adlandırıb:

“Çox təəssüf ki, şagirdlər məktəblərə hazırlıq üçün gedirlər. Üstəlik, şagirdlər hər gün dərsə getməsinə rəğmən, repititor yanına da gedirlər. Müəllimlər də buna görə repititorluqla məşğul olurlar. Hətta müəllimlərin məktəbdə dərs keçmək üçün marağı da olmur. Maaşları aşağı olduğu üçün evdə və ya məktəbdə uşaq hazırlaşdırırlar. Ona görə də sosial problemlərin həlli istiqamətində addım atmaq lazımdır. Əfsuslar olsun ki, məktəb direktorları və müəllimlər arasında anlaşma olur. Razılaşmaya əsasən, müəllimlər məktəblərdə hazırlıq keçirlər və direktora faiz ödəyirlər.

Hətta bu hazırlıqlar birinci sinifdən başlayır. Əgər şagird hazırlığa həmin müəllimin yanına getməsə, müəllim, valideyn və uşaq arasında intriqa yaranır. O müəllim də uşaqların qiymətini aşağı salır. Bu məsələlərə də aydınlıq gətirilməlidir. Demək olar ki, təhsilimizi bu sahələr üzrə də “qılınclayırlar”, “baltalayırlar”. Hətta dərs saatlarına belə hazırlıq salırlar”.

Tamilla Qulami qeyd edib ki, şagirdlər və müəllimlər arasında da razılaşma olur:

“Yəni şagirdlərin əksəriyyəti 9-cu sinifdən etibarən məktəbə deyil, hazırlığa gedirlər. Hətta bəzi müəllimlər dərs günlərini şagirdlər arasında bölürlər. Məsələn, bir qrup bir gün, bir qrup isə digər gün dərsə gedir. Bütün bu problemlərin hər biri aradan qaldırılmalıdır. Kiçik problemlər kimi görünsə də, təhsilimizin sütunlarını parçalayan əsas məqamlardır.

Həmçinin, bu gün Azərbaycanda diplomlu işçilər “ordusu” var. Ölkəmizdə hər kəs ali təhsil almaq uğrunda savaşır. Həm də çox təəssüflər olsun ki, uşaqlarımızın beynini lazımsız informasiyalarla doldururlar. Ədəbiyyatçı, iqtisadçı, riyaziyyatçı, səhiyyə və digər sahələr üzrə mütəxəssis olmaq üçün xırda detalları da öyrənmək lazım deyil. Elmin əsas mahiyyətini öyrətmək lazımdır. Bundan başqa, Milli Elmlər Akademiyasında doktorant, dissertant, fəlsəfə doktoru olmaq istəyən şəxslər araşdırma üçün dövlətdən pul almalıdırlar. Onlar isə elmi adı almaq və maaşlarının üstünə 50 manatın gəlməsi üçün xeyli pul xərcləyirlər”.

Sədr müavini hesab edir ki, bəzi universitetlər birləşməlidir:

“Əslində Milli Elmlər Akademiyası universitetlər, nazirliklər və digər qurumlarla müqavilələr imzalayaraq, birlikdə işləməlidir. Lakin əfsuslar olsun ki, bunların heç birini görmürük. Düşünürəm ki, bəzi universitetlər və akademiyalar birləşməlidir. Bəzi universitetlər də bölgələrə köçürülməlidir. Bununla da Bakının yükü azaldılmalıdır. Bütün bu məsələlər həll olunmalıdır. Azərbaycan Ümid Partiyası olaraq sosial-siyasi və bütün problemlərin həlli istiqamətində təkliflərimizi vermişik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.