Astaraya qatar "yox", Qəbələ qatarı "güc"süz... Dəmiryolu "çatışmazlığı"nı Sumqayıt qatarı ilə "örtürlər"

24-04-2024, 11:48           
Astaraya qatar "yox", Qəbələ qatarı "güc"süz... Dəmiryolu "çatışmazlığı"nı Sumqayıt qatarı ilə "örtürlər"
Hər dəfə paytaxta uzanan avtomobil yollarında tıxacı müşahidə edəndə dəmir yolunun əhəmiyyətini yaxşı anlamaq olur. Şəhər kənarından, bölgələrdən Bakıya əsasən bir vasitə ilə yetişmək mümkündür. Əhali daha çox avtomobil yollarının ümidinə qalır. Halbuki dünyada dəmir yolunun əhəmiyyəti illərdir azalmır. Əksinə, xeyli artıb. İnkişaf etmiş dövlətlərdə dəmir yolu xətləri bütün ölkəni əhatə edir. Bizdə yalnız bir neçə istiqamətə qatarla getmək olar.
Bizimyol.info xəbər verir ki, dəmir yolunda böhran bir az da dərinləşir. Sanki bu sektor yavaş-yavaş sıradan çıxır. İndi məlum olur ki, son bir il ərzində dəmir yolu işçilərinin sayı 15 faizə qədər azalıb. Bu müddətdə 500 nəfər işini itirib.

Dəmir yolu işçilərinin sayının azalması heç təəccüblü deyil. Çünki elə bu il Bakı-Astara sərnişin qatarı fəaliyyətini dayandırıb. Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov jurnalistlərə yolun yararsız olmasına görə belə qərar verməyə məcbur qaldıqlarını demişdi. Qatar yalnız saat 20 km sürətlə hərəkət edə bilirmiş. Azərbaycan Dəmir Yolları buna uzun müddət səthi yanaşıb. Sonra qərara gəliblər ki, belə xəttin işləməsindənsə, işləməməsi yaxşıdır. Bizə nə qədər adi görünsə də, bu sektor üçün çox əhəmiyyətli itki baş verib. Cənub bölgəsi vacib nəqliyyat imkanından məhrum edilib. Sürət aşağı olsa belə, qatar xeyli insanın işinə yarayırdı. Əhali üçün paytaxtla əlaqələr baxımından da çox önəmli vasitədən söhbət gedirdi.

Ölkədə dəmir yolunda sərnişindaşıma "can verir". Eyibləri Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt xətləri örtməyə çalışır. Bir də hər gün Ağstafaya yola düşən qatarı göstərmək olar. Qəbələ xətti üzərinə çox "yük" götürmür. Həm də bu istiqaməti daha çox turizmin ayaqda qalması üçün açıblar. Şənbə gedib bazar günü qayıtmaq sərnişindaşımaya ciddi töhfə deyil.

Çox acınacaqlı vəziyyət yaranıb. İnsanlar illərdir külüng vurduğu sahədə işini itirir. Çünki Azərbaycan Dəmir Yolları tənəzzül dövrünə qədəm qoyub. Biz yeni xətlər gözlədiyimiz halda köhnələri də sıradan çıxır. Stansiyalar bir-birinin ardınca ləğv edilir. Bu minvalla bir azdan ölkədə qatar səsi də yoxa çıxacaq.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.