Dövlət bağçası az, özəl baha: Valideyn nə etməlidir? - GƏLİŞMƏ
13-07-2024, 00:02
Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib.
Nazirlikdən verilən məlumata görə, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi iyulun 29-dur.
Bildirik ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, bu gün ölkədə fəaliyyət göstərən dövlət uşaq bağçalarının sayı xeyli azdır. Bir neçə il öncə yeni özəl bağçaların yaradılması istiqamətində addımlar atılsa da bu da tələbatı ödəmədi.
Dövlət yeni bağçaların tikintisi üçün ərazinin olmadığını bildirib. Eləcə də hər valideynin özəl bağçalarla bağlı maddi imkanı yoxdur. Hətta bu istiqamətdə problemlərin aradan qaldırılması üçün mütəxəssislər belə bir təkliflə çıxış etdilər ki, yeni tikilmiş binaların birinci mərtəbəsində uşaq bağçaları fəaliyyət göstərsin.
Demək olar ki, yeni binaları inşa edən şirkətlər bu prosesə qoşulmadılar.
Bu gün isə reallıq odur ki, dövlət bağçalarının sayı azdır, özəl bağçalar isə bir çox valideynlərin imkanı xaricindədir.
Bəs ekspertlər çıxış yolunu nədə görürlər?
Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirdi ki, hazırda Azərbaycanda 1 692 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir:
“Bu uşaq bağçalarında 123 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. 2011-ci ildə uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinə veriləndə burada böyük gözləntilər vardı.
Ancaq 10 ilə yaxın icra hakimiyyətlərinin tərkibində qalan uşaq bağçaları və körpələr evi ciddi şəkildə problemlərlə üzləşdi. 2021-ci ildə ölkə başçısının sərəncamı ilə uşaq bağçaları yenidən tam şəkildə Elm və Təhsil Nazirliyinə qaytarıldı. Geridə qalan 3 il ərzində uşaq bağçaları və körpələr evində istər rəhbər şəxslərin, istər tərbiyəçilərin işə, istərsə də uşaqların qəbulu tam elektron, müsahibə, müsabiqə şəklində həyata keçirilir.
Etiraf edək ki, bu gün Azərbaycanda uşaq bağçalarının sayı azdır. Bağçaya getmək yaşına çatmış uşaqların yalnız 25 faizə qədəri prosesə cəlb oluna bilir. Dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır.
Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qrant layihəsinin mahiyyəti ondan ibarətdir ki, əgər hər hansı bir ərazidə uşaq bağçası yoxdursa, şagird sıxlığı varsa, o zaman özəl sektorla bağlanmış müqavilə əsasında uşaqlar həmin özəl məktəbəqədər təhsil müəssisəsinə cəlb olunacaqlar ki, bu da uşaqların təhsil alma hüququnu ciddi şəkildə təmin edəcək.
Aparılan tədqiqatlar göstərir ki, uşaqların məktəbəhazırlıq qrupuna, uşaq bağçalarına, körpələr evinə getməsi onların təhsil aldığı müddət ərzində akademik göstəricilərinin daha yaxşı olmasına gətirib çıxarır.
Yəni o uşaqların nəticələri gələcəkdə daha yaxşı olur. Həmçinin uşaqlar bağçalara getdikdən sonra valideynlərin əmək qabiliyyəti də artır. Həm uşaqların təlim-tərbiyəsi, tədrisin təşkili, psixoloji dayanıqlılığı və digər müsbət xarakterik xüsusiyyətlər var. O ərazilərdəki uşaq bağçaları azdır və yaxud yoxdur, ancaq uşaq var, bu zaman onlar dövlət büdcəsinin vəsaiti hesabına, pulları özəl uşaq bağçalarına ödəyəcək.
Özəl uşaq bağçaları da dövlətin onlara göndərdiyi uşaqların tədrisinin təşkili, tərbiyə prosesinə cəlb olunması və digər xidmətlərdən yararlana biləcəklər ki, bu da kifayət qədər yaxşı haldır. Dünyada, o cümlədən Amerika və Türkiyədə bu təcrübə var ki, dövlət o ərazilərdəki uşaq bağçası açmaq və yaxud formalaşdırmaq imkanına malik deyil, ancaq özəl bağçalar var, bu zaman özəl bağçaların xidmətindən yararlanırlar.
Çünki istər dövlət, istərsə də özəl uşaq bağçası olsun, büdcəsindən bu vəsaiti ayırır. Ancaq əlavə bina tikmək, tərbiyəçini işə qəbul etmək kifayət qədər resurs tələb edir. Ona görə də yalnız qida menyusu və digər xidmətlərin pulunu uşaq bağçalarına ödəyəcəklər və ortada keyfiyyətli bir xidmət var.
Bu da həm dövlət, həm də özəl uşaq bağçaları arasında rəqabət yaradacaq. Bu zaman maraqlı olacaqlar ki, həmin dövlətin göndərdiyi uşaqları onlar götürsünlər. Bu da yeni rəqabət mühiti yaradacaq”.