Niyə köhnə və yeni avtobuslarda gediş haqqı eynidir?
13-07-2024, 08:14
Bakıdakı avtobus şirkətlərinin yeni avtobuslar alması barədə xəbərlər yararsızlıq və nasazlıq barədə xəbərlərlə əvəzlənir. İki iri şirkət-Bakubus və XaliqFaiqoğlu yeni rahat avtobuslar gətirirlər. Lakin 2021-ci ilin rəsmi məlumatlarına görə, Bakıda avtobuslarla sərnişin daşınması üzrə 21 şirkət fəaliyyət göstərir.
Sözügedən iki şirkət müasir avtobusları istismara buraxır. Qalan şirkətlər marşrutlara köhnə, bəzən təhlükəli avtobusları buraxırlar. Hətta aparıcı daşıyıcıların avtoparkları arasında avtobusların yarısına qədərinin əsaslı təmirə ehtiyacı var və ya texniki resursları tükənib.
Avtobuslar fərqlidir-kondisionerli yeni avtobuslardan tutmuş təhlükəli olanlara qədər. Bakı və onun ətrafındakı avtobusların təxminən üçdə birində hələ də kartla ödəniş etmək üçün terminal yoxdur. Bununla belə, vətəndaşlar avtobusun vəziyyətindən asılı olmayaraq gediş haqqını eyni şəkildə ödəyirlər.
1 iyul 2024-cü il tarixindən avtobuslarda gediş haqqı marşrutdan və məsafədən asılı olaraq 50-70 qəpiyə (0,50-0,70 manat) qədər artıb.
Gediş haqqı artmadan əvvəl avtobus şirkətlərinin sahibləri yeni nəqliyyat vasitələrinin alınması üçün vəsait çatışmazlığından şikayətlənirdilər. Üç il öncə bəzi daşıyıcıların biznesin rentabelli olmaması səbəbindən avtobusları satdıqları barədə məlumatlar yayılırdı.
Yeni avtobuslar həqiqətən bahadır. Türkiyənin OtomotivSanayeveTicaret AS şirkətinin istehsalı olan 12 metrlik avtobus (90 sərnişin) vergi daxil olmaqla şirkətə 519 min manata başa gəlir. Bu rəqəm prezident İlham Əliyevin 8 avqust 2018-ci il tarixli sərəncamı ilə alınan avtobusların dəyərilə üst-üstə düşmür. 300 avtobusun alınmasına görə Bakı Nəqliyyat Agentliyinə (BNA) 28,2 milyon dollar (50 milyon manat) ayrılmışdı. Bir avtobusun qiyməti 160 min manat təşkil edib.
Şəhər sərnişin daşınması sektorunda sahibkarların dürüstlüyü və effektivliyilə bağlı suallar yaranır. Şirkətlər və Bakı Nəqliyyat Agentliyi (AYNA) daşınan sərnişinlərin gündəlik sayı və əldə olunan gəlirlər barədə məlumat vermirlər. Lakin Bakıda sərnişin daşımalarının aylıq həcmi və avtobusların sayı barədə dərc olunmuş məlumatlardan istifadə etməklə hesablama aparmaq olar.
AYNA-nın məlumatına görə, hər ay paytaxtda 127,5 milyon sərnişin daşınır. Təkcə Bakubus (bazarın 23%-i) gün ərzində 350 000-dən çox sərnişin daşıyır. AYNA-nın sədri Anar Rzayev bildirib ki, Bakıda 2200 avtobusa ehtiyac olduğu halda 2000-ə yaxın avtobus fəaliyyət göstərir. Beləliklə, hər orta statistik avtobus ayda 67 350 sərnişinə xidmət göstərir. Yeni 50 qəpik tarif ilə bu, avtobusdan aylıq 32 000 manata yaxın gəlir deməkdir.
Bu məbləğin yarısını sürücülərin və personalın maaşına, yanacağa və texniki xidmətə ayırsaq, bir avtobus şirkətə ayda 16000 manata yaxın qazandıra bilər. Beləliklə, üç ildən sonra bir avtobusdan gəlir 90 sərnişinlik yeni Türkiyə avtobusunun qiymətinə (təxminən 600 000 manat) bərabər olacaq.
İndiki halda biz 50 qəpiyə sərnişin daşıyan şəhərdaxili marşrutlar üzrə əldə olunan gəliri hesabladıq. Şəhərətrafı marşrutlar marşrutun uzunluğundan asılı olaraq vətəndaşlara 60-80 qəpiyə xidmət göstərirlər. Müvafiq olaraq, yeni tariflərlə uzun məsafəli marşrutlarda rentabellik 20-40% yüksəkdir. Lakin şəhərətrafı marşrutlarda avtobusların keyfiyyəti və rahatlığı şəhər xətlərinə nisbətən daha pisdir, 10-20 yaşlı avtobuslar köhnəlmə səbəbindən dağılır, halbuki, şəhər ətrafına getmək baha başa gəlir.
Bunların arasında 2007-ci ildən başlayaraq prezidentin sərəncamı ilə alınmış mindən çox Daewoo International, Isuzu avtobusu var. Müqavilənin ümumi dəyəri 11 milyon dollar təşkil edib. İndiki qiymətlərlə bir avtobus 22 min manata başa gəlib.
Sadə hesablamalar göstərir ki, effektiv və şəffaf idarəetmə ilə, sərnişin daşınması üzrə korrupsiyasız biznes mühitində və bank kreditlərinin alınması ilə şirkətlər sərnişinlərin istidə kondisionersiz əziyyət çəkməməsi və gediş haqqını kartla ödəyə bilməsi üçün öz avtoparklarını vaxtında yeniləyə bilər.
Turan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə elektron məktub göndərərək məqalədə qaldırılan suala 24 saat ərzində cavab verilməsini xahiş edib. Amma cavab verilməyib.