Yarım ildə 42 min uşaq necə qeyb olur? - "Elə qanun lazımdır ki, yüksək cəriməyə əsaslansın"
27-07-2024, 13:14
"Təəssüf ki, Azərbaycanda selektiv abort halları yüksəkdir. Bunun qarşısını almaq üçün ilk növbədə ağıla gələn mexanizm hüquqidir. Yəni elə bir qanun tərtib etmək olar ki, yüksək cəriməyə əsaslansın. İnsanlar cərimə olunmaqdan daim çəkinirlər".
Bunu Azərbaycanda 2024-cü ilin ilk altı ayı üzrə açıqlanan abort statistikasını Oxu.Az-a şərh edən sosioloq Mail Yaqub deyib.
Xatırladaq ki, statistikaya görə, göstərilən zaman kəsiyində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub.
Sosioloqun sözlərinə görə, müasir dövrdə hüquqi mexanizm yeganə işlək versiya deyil, yəni cəmiyyətdə olan bütün fəsadların, cinayətlərin qarşısını almaq üçün yalnız hüquqi mexanizmə sığınmaq məqbul hesab olunmur:
"Məsələn, intihar etmək istəyən insanın qarşısını hüquq necə ala bilər? İnsanlar, adətən, iki modeldən biri əsasında qərar verirlər. Birincisi - nəticə modelidir, yəni bu addımın gələcəyini düşünərək addım atmaq. İkinci isə kimlik modeli adlanır. Bir addım atılanda insan kimliyini, statusunu düşünüb irəli gedir. Cəmiyyətdə insanlar bir çox hallarda ikinci modeli düşünüb addım atırlar. Belə şəxslərlə işləyəndə onlara bildirirsən ki, bu addımı atmaq sənə, sənin statusuna yaraşmır. Ona görə də abort məsələsində də insanların hissinə toxunaraq, ikinci modeldən istifadə edərək təbliğat aparmaq lazımdır".
Ginekoloq Aytən Əlifzadə hesab edir ki, abortların sayının artması qadınların qorunma üsulları barədə məlumatsız olmaları ilə bağlıdır:
"Hamiləliyin süni surətdə sonlandırılması iki üsulla icra edilir. Bu əməliyyatın icrası üçün tibbi və sosial göstərişlərin olması mütləqdir. Hamiləliyin 12-ci həftəsinə kimi icra edilən abortlar erkən, 12-22-ci həftəsində olan abortlar isə gecikmiş adlanır. Abortun bir neçə fəsadı var. Ən təhlükəlisi qanaxma və cərrahi abort zamanı perforasiya dəliyinin yaranması, yəni uşaqlıq divarının deşilməsidir. Qanaxma daha çox hamilə qadınların həkim təyinatı olmadan və istifadə qaydasını bilmədən dərman preparatından istifadəsi zamanı qarana bilir.
Xanımlarımızın əksəriyyəti qorunma üsulları barədə məlumatsızdır. Bu səbəbdən mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə tədbirləri görülməlidir ki, gələcək nəsillərimiz də sağlam yetişsin".
Cəmiyyətdə belə bir fikir var ki, cinsi tərbiyə mövzusunun məktəb proqramında yer almaması erkən nikah, ailə-məişət ixtilafları kimi məsələlərlə yanaşı, abortların sayına da ciddi təsir edir.
Elm və Təhsil Nazirliyindən mövzu ilə bağlı Oxu.Az-a bildirilib ki, ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, cinsi tərbiyə, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işləri aparılır:
"Bu məqsədlə aidiyyəti qurumların birgə səyləri nəticəsində hazırlanmış "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"ə əsasən, ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunur.
Sözügedən məşğələlər VIII sinifdən başlayaraq ildə beş dəfə sinif saatları hesabına tədris edilir. Bu məşğələləri sinif rəhbəri ilə yanaşı, biologiya müəllimi, ümumi təhsil müəssisəsinin həkimi və ya tibb bacısı, müvafiq səriştəsi olan valideyn, icma nümayəndəsi, dəvət olunmuş mütəxəssis keçir. Bəzi məşğələlər oğlan və qızlar üçün ayrılıqda təşkil olunur".
Qeyd edək ki, Azərbaycanda abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub. Abortlar ən çox 25-29 və 30-34 yaş aralıqlarında edilib.
BMT-nin məlumatına görə, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.