“Əvvəl 5 min aldıqları bəs deyil, indi də 7 min manat tələb edirlər ki, işdən çıxartmasınlar” - Vətəndaş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən şikayətçidir

29-07-2024, 17:56           
“Əvvəl 5 min aldıqları bəs deyil, indi də 7 min manat tələb edirlər ki, işdən çıxartmasınlar” - Vətəndaş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən şikayətçidir
Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsinin sakini Ağarəhimli Ağarəhim Mayis oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi deyir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin "ASCO Nəqliyyat" MMC-də servis xidməti üzrə sürücü kimi fəaliyyət göstərib. Atası Məhərrəmov Mayis Ağarəhim oğlunu 5 min manat pul qarşılığında özünün işlədiyi quruma işə düzəldir. Ancaq hazırda onu və atasını işdən çıxarmaqla hədələdiklərini iddia edir. Onun sözlərinə görə, “ASCO Nəqliyyat” MMC-nin müdiri Hüseynov Sabir 7 min civarında bir məbləğ tələb edir ki, işlərinə xitam verilməsin:

“Mən, Ağarəhimli Ağarəhim Mayis oğlu, yazaraq bildirirəm ki, 2017-ci ildə Xəzər Dəniz Neft Donanmasında fəhlə kimi işləyirdim. 2019-cu ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nəqliyyat sahəsinə avtobus sürücüsü olaraq gəldim.

Qeyd edim ki, 2016-cı ildə Aprel döyüşlərində olmuşam. 44 günlük Vətən savaşında 5 ay iştirak etmişəm. Ölkə başçısının göstərişi ilə müharibə iştirakçıları və ailə üzvləri işlə təmin olunmalı idi.

2022-ci ildə atam Məhərrəmov Mayis Ağarəhim oğlu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə sürücü kimi işə düzəldi. Əlbəttə ki, bunun qarşılığında 5 min manat məbləğində pul istəmişdilər. Atam da bunu "ASCO Nəqliyyat" MMC-nin müdiri Hüseynov Sabirə verdi.

2 il sonra həmin məsul şəxs atama dedi ki, avtobus vermirik, “ZIL” markalı maşın veririk, get, işlə. O da dedi ki, bura avtobus şoferi olaraq işə götürülüb. Hüseynov Sabir də irad bildirdi ki, aldığı 5 min manatdan cəmi 400 manat ona çatıb. Atam da “yuxarı” dairələrə şikayət etdi. Həmin 5 min manatı qaytarsalar da, bizlə prinsipə düşdülər. Hüseynov Sabir bildirdi ki, baş idarədə oturan sədr Vəliyev Rauf və müavini məxfi şöbə rəisi Əhmədzadə Nəsrəddinin göstərişini yerinə yetirirlər. Onun sözlərinə görə, 5 min manata görə onları şikayət etdik deyə bizə belə edir.

Hazırda anam Məhərrəmov Məlahət Velcan qızı uzun illərdir ki, epilepsiya xəstəsidir. Atam onu Ankara şəhərinə müalicə üçün aparmalıdır. Atamla 1 il müddətinə bağlanılan müqavilənin vaxtı iyulun 28-i bitir. “ASCO Nəqliyyat” MMC-nin müdiri Hüseynov Sabir deyir ki, 7 min gətirsə, atamı işdən çıxartmayacaq. Anamın vəziyyətini demişik, anlayış göstərmir. Atamın 29 günlük məzuniyyət haqqı var, anamı Türkiyəyə aparmaq istəyir, onu da vermir. Deyir ki, onlara aidiyyəti yoxdur. Bəs mənim anam ölsün? Əvvəl 5 min aldıqarı bəs deyil, indi də 7 min manat tələb edirlər ki, işdən çıxarmasınlar. Atama görə, məni də işdən uzaqlaşdırıblar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.