Sahibkarların “məzənnə” qərarı: - Məhsulu piştaxtada xarab edir
30-07-2024, 12:40
Meyvə-tərəvəz mövsümü olmasına baxmayaraq, qiymətlər bahadır.
Alıcılar bildirirlər ki, bəzi sahibkarlar meyvə-tərəvəzi baha qiymətə təklif edir, amma alıcı tapa bilmir. Belə olduqda məhsullar xarab olaraq tullantı kimi atılır. Sosial şəbəkə istifadəçiləri təklif edirlər ki, bu halda məhsul ucuzlaşdırılsın, nəticədə həm sahibkarlar, həm də müştərilər qazansın.
Ancaq nədənsə Azərbaycanda bu təcrübədən geniş istifadə edilmir.
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-açıqlamasında deyib ki, ölkəmizdə bu tentensiya yoxdur:
“Ölkəmizdə təəssüf ki, bir çox sahibkar məhsulun xarab olmasına razıdır, ancaq ehtiyacı olan birisinə pay vermək və ya daha münasib qiymətə təklif etməyi düşünmür. Bunun da bir neçə səbəbi var. Belə ki, ölkəmizdə olan bir çox sahibkar doğru yolla sahibkar statusuna nail olmayıb. Haradansa pul mənimsəməklə, yaxud “çirkli” yollarla qazanılan vəsaiti daha da çoxaltmaq üçün ticarətlə məşğul olur. Lakin mövcüd dəyərindən baha qiymətə təklif etdikləri üçün istədikləri kimi satış edə bilmirlər. O səbəbdən məhsulları da xarab olur”.
İqtisadçı vurğulayıb ki, qeyri-şəffaf yollarla sahibkar olan şəxslərdə mərhəmət hissi olmur:
“Məişət tullantıları qablarında istifadə üçün yararlı müxtəlif ərzaq və digər məhsulları görmək olar. Ancaq onları xərc çəkib məişət tullantıları qablarına atmaq əvəzinə, xarab olmadan əvvəl ehtiyacı olan imkansızlara vermək olardı. Bunu etməyən sahibkar insaflı və mərhəmətli ola bilməz”.
O qeyd edib ki, məhsulların xarab olmasını istəməyən sahibkarlar öncədən ucuz qiymət təklif etməlidir:
“Bəzən sahibkar deyir ki, topdan baha qiymətə məhsul alıb, bu səbəbdən məhsulu baha satmaq məcburiyyətindədir.
Lakin reallıq belə deyil. Məhsulun yerindən çox ucuz qiymətə alırlar.
Bəzi giləmeyvələr var ki, onların maya dəyəri lap aşağıdır. Sadəcə olaraq, bazarda “məzənnəni” saxlamaq üçün məhsullarını qurban verən sahibkarlar var”.