Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi CƏZALANDI VƏ... - TƏFƏRRÜAT
30-07-2024, 15:10
Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi, iş adamı Barış Altıparmak cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti iş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Barış Altıparmak qərardan məhkəməyə şikayət verib. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Barış Altırparmak bundan əvvəl İnzibati Xətalar Məcəlləsinin 551.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməs) və 198.1.7-ci (İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi) maddələri ilə cərimələnmişdi. İş adamı hər iki qərarla bağlı məhkəməyə müraciət etmişdi. Lakin bu işlərin nəticəsi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Barış Altıparmak həm də "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir.