28 milyardlıq borc təhlükəli həddir? - Ekspert deyir ki...
31-07-2024, 10:29
2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir. Gələn ilin əvvəlində xarici dövlət borcunun 49,1 %-inin 5 ilədək, 44,7 %-inin 5- 10 il ərzində, 6,2 %-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
Maraqlıdır ki, bu rəqəmlər ölkə üçün nə qədər təhlükəlidir?
“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, həm indi, həm gələcək üçün təhlükə hesab edilir:
“Bu, hələ elan edilən borcun bir hissəsidir. Dünya Bankı hələ 150 mildon dollar borc verəcək. Amma bu, hədiyyə deyil, kreditdir, faizi var. Bu gün 50 milyon aktivimiz var. Bəs niy, hər il 1-2 faiz divident götürüb istifadə etmirik? Niyə həyata keçirilən layihəni 10 faizlik kreditlə icra etməlidirlər? Bu, iqtisadi baxımdan heç də təqdirəlayiq hal deyil. Niyə bu qədər borclu olmalıyıq? Gələn il 28 milyard olacaqsa, növbəti ildə daha çox olacaq. 28 milyard ümumdaxili məhsulun 25 faizinə bərabərdir.
Amma Azərbaycanın yetəri qədər imkanları var ki, bu borc yaranmasın”.