Azərbaycanda üçüncü devalvasiya gözlənilir? - AKTUAL
1-08-2024, 00:13
Həm dövlət xərclərinin, həm də tənzimlənən xərclərin inflyasiyaya təsiri 2024-cü ilin və 2025-ci ilin sonuna kimi qiymətləndirilib.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, proqnozlarda dəyişiklik olmasa, faiz və pul siyasəti ilə Mərkəzi Bankın qərararları sabit qalacaq:
"Yəni, hər hansı makroiqtisadi çağırışlar olmadığı halda pul siyasətinin sərtləşməsinə getməyəcəyik".
Bir çox mütəxəssislər növbəti ilə devalvasiya olacağı barədə proqnoz verirdi. Mərkəzi Bank sədrinin bu cür açıqlama verməsi isə devalvasiyanın olmayacağını göstərir.
İqtisadçı ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, devalvasiya bu il və növbəti ilin ilk yarısı üçün gözlənilmir:
“Mərkəzi Bankın yürütdüyü siyasət müstəqillik dövrünün ən optimal, ən açıq siyasət formasıdır. Üstəlik, qapalı fon yaratmağa lüzum da yoxdur.
Artıq devalvasiya sahəsindən sıravi insanlar da məlumatlıdırlar.
İnstitusional səviyyədə araşdıranda da görürük ki, belə bir təhlükə qarşıdakı il üçün gözlənilən deyil.
Hətta manat bəzi səviyyələrdə möhkəmlənə bilər. Amma bu da o demək deyil ki, devalvasiya heç yaranmayacaq. Gələn ilin ikinci yarısında müzakirə edə bilərik ki, devalvasiya olacaq, ya yox. İndi üçün isə manatın ucuzlaşmasını şərtləndirən amil yoxdur”.