Siqaret və spirtli içkilərə aksiz vergisinin artırılması nələrə gətirib çıxaracaq? - ARAŞDIRMA

2-08-2024, 10:59           
Siqaret və spirtli içkilərə aksiz vergisinin artırılması nələrə gətirib çıxaracaq? - ARAŞDIRMA
Tütün və alkoqol məmulatlarına aksiz vergisinin artırılması bu bazar seqmentində qiymətlərin yeni artım dalğasına gətirib çıxaracaq və büdcə gəlirlərinin artımına dəstək verəcək. Hökumətin qərarı ilə ölkəyə idxal olunan tütün və alkoqollu məmulatların aksiz vergisi yenidən artırılıb. İdxal edilən siqarillolara tətbiq edilən aksiz vergisi 1000 ədədinə görə 43 manatdan 45,5 manata yüksəlib. Siqaretin dolayı vergi dərəcəsi 1000 ədədinə görə 46,5 manatdan 53,5 manata yüksəlib. Bundan əlavə, şampan istisna olmaqla, xaricdən gətirilən şərab və araq məhsullarına aksiz vergisi artırılıb.

Yeni vergi artımı və bu çeşiddə malların istehlak qiymətlərində gözlənilən artım ekspert dairələrində aktiv şəkildə müzakirə olunur. Bu qərarın əleyhdarları aksiz vergisinin nəzarətsiz artırılmasının son nəticədə sənayenin tənəzzülü ilə nəticələnəcəyinə inanaraq, istehlak məhsullarının vergiyə cəlb edilməsində daha balanslı yanaşmalara ehtiyac olduğunu düşünürlər. Vergi artımının tərəfdarlarının arqumenti isə əhalinin sağlamlığına dair narahatlıq və beynəlxalq sənədlərin tələbləri ilə bağlıdır.

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, təkcə ilin birinci yarısında əhali içki və tütün məmulatlarına 1 milyard 259 milyon manat vəsait xərcləyib: “Belə çıxır ki, xərclənən hər 100 manatdan 5 manat bu məhsullara xərclənir. Ümumdünya Səhiyyə Təşkilatı yaxın illərdə Azərbaycanda spirt istehlakının artacağını proqnozlaşdırır. İndi 2 litrdir, gələn il isə bu rəqəm 2,5-ə yüksələcək və 2030-cu ilə qədər adambaşına 3,9 litrə çatacaq”.

“İstehlak artdıqca, bu çeşidli malların qiyməti də artır. Nəticə etibarilə, spirtli içkilərin və tütün məmulatlarının istehlakını azaltmaqla ev təsərrüfatları əhəmiyyətli dərəcədə qənaət edə biləcək, xalqın sağlamlığı yaxşılaşacaq. Ona görə də alkoqol və tütün məmulatlarını istehlak etməkdənsə ixrac etmək daha sərfəlidir”, - deyə ekspert bildirib.

Öz növbəsində Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli AYNA-ya şərhində bu dolayı verginin qiymətlərə təsirinin əhəmiyyətsiz olduğunu söyləyib: “Alkoqollu içkilər və siqaretlərə tətbiq edilən aksiz vergisi pərakəndə satış qiymətlərinə ciddi təsir göstərmir. Ona görə də hökumətin aksiz vergisinin dərəcəsini artırmaq qərarı bizim piştaxtalarda qiymətlərin ciddi artımına səbəb olmayacaq. Spirtli içkilər 2-3 faiz, siqaret 10-15 qəpik bahalaşa bilər. Eyni zamanda, hökumət son qərarı ilə şampan şərablarına tətbiq edilən aksiz vergisini iki dəfə artırıb”.

Analitikin fikrincə, dolayı verginin artırılması yerli istehsalın və qeyd olunan malların ixracının artmasına dəstək olacaq.

İqtisadçı ekspert Pərviz Heydərov isə həmkarları ilə razılaşmır. “Son artım ilk belə qərar deyil, çünki tütün və alkoqollu məmulatların aksiz dərəcələri mütəmadi olaraq artırılır. Və bu, ümumiyyətlə, zəruri mallara xərcləmə kontekstində mənfi tendensiyaya səbəb olmur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aksiz vergisinin dərəcəsini 60-65%-ə qədər artırmağı tövsiyə etdiyindən dolayı verginin vaxtaşırı artırılması davam edəcək”, - deyə o, AYNA-ya bildirib.

Mütəxəssis hesab edir ki, vergiyə yanaşmada qızıl ortaya riayət etmək lazımdır: “Çünki, ilk növbədə, söhbət istehlak mallarından gedir. İkincisi, davamlı və əsassız vergi artımı əks effektə - gəlirin azalmasına və bazarda arzuolunmaz rəqabətə səbəb ola bilər. Əslində, istehlak mallarına aksiz vergilərinin artırılması iqtisadi siyasətin ümumi kontekstində yerləşdirilməlidir”.

Yerli iqtisadçıların ümumi rəyinə görə, aksiz vergisinin artırılması pərakəndə satış qiymətlərinə o qədər də təsir etməyəcək və siqaretin qiyməti 10-15 qəpik arta bilər. Bununla belə, ÜST-nin qaydalarına və hökumətin büdcə gəlirləri ilə bağlı ifadə etdiyi narahatlıqdan sonra aksiz vergisi sonrakı illərdə də artmağa davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.