Hotellərin "endirim" illüziyası: İstədikləri qiyməti qoyurlar, yoxsa nəzarət var?

3-08-2024, 12:48           
Son vaxtlar vətəndaşlar bəzi hotellərdən narazıdırlar. Onlar iddia edirlər ki, hotellərin saytlarında fərqli qiymət yazılır, reallıqda isə tamam fərqli qiymət təklif edilir, endirim vədləri isə yerinə yetirilmir. Hətta bəzən hotel otaqları natəmiz və yararsız olduğu üçün vətəndaşlara daha bahalı otaqlar təklif olunur. Bunun da satış üçün manipulyasiya texnikası olduğu qeyd edilir.

Bəs maraqlıdır, hotellərdəki otaqların və xidmətin qiymətini kim tənzimləyir? Bu prosesə nəzarəti kim həyata keçirir? Yerli və xarici hotellərin filiallarındakı qiymət fərqi necə tənzimlənir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hotellərdəki otaq qiymətləri və orada göstərilən xidməti ilk növbədə bazar tənzimləyir:

"Bazarda mövcud olan tələb və təklif, rəqabət mühiti, hotellərin göstərdiyi xidmət qiyməti formalaşdırır. Xidmətin keyfiyyətinə və davamlılığına bəzən şirkətin özü tərəfindən qiymət strategiyası tətbiq edilə bilər. O qiymət üzərindən xidmətin və keyfiyyətin uyğunlaşdırılması aparılır".

Yerli və xarici hotellərin filiallarının müqayisəsinə gəldikdə isə C.Aşurov bildirib ki, bir-birinə zəncirvari bağlı olan beynəlxalq hotellərdə qiymət siyasəti daha mürəkkəbdir:

"Beynəlxalq brendin qatdığı dəyərə görə qiymətlər yüksək ola və ya tamamilə fərqlənə bilər. Bazarda qiymət siyasəti bəzən təklif güclü olduğu təqdirdə satıcı tərəfindən diktə olunur".

Ekspert əlavə edib ki, hotellərin qiymətləri, əsasən, tələb-təklif prinsipinə görə tənzimlənir:

"İdarəetmənin üzərinə düşən pay isə qiymət və xidmətin uyğunluğunun saxlanılmasıdır. Rəqabət mühitində bazar iştirakçılarının sayı daha çox olarsa, burada daha əlverişli qiymətə və daha yüksək xidmətə gətirib çıxara bilər".

C.Aşurov vurğulayıb ki, bəzən satış texnikasından istifadə edərək hotellər saytlarında və reallıqda fərqli qiymətlər təklif edirlər:

"Məsələn, saytlarında ucuz qiymətlər paylaşırlar, müştəri cəlbedici təklifi görüb yaxınlaşanda isə yuxarı qiymətlə rastlaşır. Bəzi hallarda vətəndaşlar hotel otaqlarının reklam ediləndən fərqli olaraq pəncərəsiz və kiçik olduğuna şahid olurlar. Daha yaxşı qiymətə olan otaqlar isə baha olur.
Hotellərin "endirim" illüziyası: İstədikləri qiyməti qoyurlar, yoxsa nəzarət var?
Ümumiyyətlə, hotel siyasətində giriş qiymətləri ilə turizm şirkətinə verilən qiymət arasında fərq olmalıdır. Bu, təbiidir. Çünki fərdi müştərilərə deyilən qiymətlə sayt və ya turizm şirkəti tərəfindən öncədən rezerv edilmiş müştərilərin qiymətləri arasında fərq olur. Bu da onunla izah olunur ki, müştərilər öncədən rezervasiya etdikdə öz planlarını daha sərfəli formada həyata keçirirlər. Hotel isə öz yerlərini proqnozlaşdıra bilir. Axşama yaxın sona qalan bir neçə otaqla bağlı hoteldə endirim tətbiq edilə bilər. Bunlar hamısı hotellərin qiymət siyasətidir".

Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iqtisadiyyatın digər sahələri kimi, turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlət tərəfindən qiymət tənzimləməsi mövcud deyil:

"Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasını dəstəkləmək, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin formalaşmasına töhfə verməkdir.

Dövlət orqanı olaraq DTA qiymətlərin formalaşdırılması prosesində iştirak etmir və prosesə müdaxilə etmək səlahiyyətlərinə malik deyil. Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər.

Əlbəttə, dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatan olması, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Həmçinin, önəmli məqamlardan biri də infrastrukturla təklif edilən xidmətlərin üst-üstə düşməsidir".

G.Mustafayeva əlavə edib ki, xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir:

"Təəssüf ki, bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür, bəzi hallarda ulduzlaşma aparılmır. Buna görə də beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb. Hazırda Azərbaycan Hotel Assosiasiyası tərəfindən ölkə üzrə hotellərə ulduz verilməsi prosesi davam edir.

Bu, istehlakçıların real və etibarlı ulduz dərəcələrinə malik hotelləri seçərək ödədikləri məbləğə müvafiq xidmət almalarını təmin edəcək.

Qeyd etmək lazımdır ki, bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb. İnsanların asudə vaxtlarını səmərəli keçirməsi üçün bu təkliflərin həcminin artırılması istiqamətində tədbirlər görülür. Həmçinin, onu da qeyd etmək lazımdır ki, hotel olmayan yerləşmə vasitələri, kənd evləri son dövrlərdə alternativ variant kimi çıxış edir".

Aqil Vəlili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.