"Mercedes"in Azərbaycandakı distrübutoru: “Avtomobil əldə edildikdən sonra 2 il ərzində Rusiya və Belarusda istifadə edilməsi üçün satıla bilməz”

22-08-2024, 17:55           
"Mercedes"in Azərbaycandakı distrübutoru: “Avtomobil əldə edildikdən sonra 2 il ərzində Rusiya və Belarusda istifadə edilməsi üçün satıla bilməz”
““Sky News” telekanalında yayılan xəbərdə “Mercedes-Benz” markasının adı hallanmır. “Mercedes-Benz” avtomobil istehsalçısının Azərbaycan Respublikasında rəsmi distribütoru olaraq bəyan edə bilərik ki, biz “Mercedes-Benz” Group AG şirkətinin etibarlı tərəfdaşı olaraq sanksiyalara ciddi şəkildə riayət edirik”.

Bu sözləri Pravda.az-a “Mercedes-Benz” brendinin Marketinq, reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Abbasova Azərbaycanda fəaliyyət göstərən rəsmi distribütorların sanksiyadan yayınaraq gizli şəkildə Rusiyaya avtomobil satmaları barədə “Sky News” telekanalı tərəfindən yayımlanan reportaja aydınlıq gətirərkən deyib.

Şirkət rəsmisi bildirib ki, “Avtokapital-Azərbaycan” MMC tərəfindən idxal edilən yeni avtomobillər yalnız Azərbaycan Respublikası ərazisində, yalnız rəsmi diler şəbəkəsi vasitəsilə və yalnız son istehlakçıya satılır:

“Bundan əlavə, yeni “Mercedes-Benz” avtomobillərinin yenidən satışının, ölkə ərazisindən ixrac edilməsinin, həmçinin sonradan Rusiya Federasiyası və Belarus Respublikasına satılmasının qarşısını almaq üçün “Avtokapital-Azərbaycan” MMC bir sıra tədbirlər həyata keçirib. Belə ki, “Mercedes-Benz” rəsmi diler şəbəkəsindən avtomobil əldə etmək istəyən müştəri bu öhdəlikləri üzərinə götürməlidir. Birincisi, avtomobil əldə edildikdən sonra 10 gün ərzində qeydiyyata alınmalı və qeydiyyat şəhadətnaməsinin surəti müvafiq diler şirkətinə təqdim edilməlidir. İkincisi, avtomobil əldə edildikdən sonra 180 gün ərzində avtomobilin əldə edildiyi diler şirkətinə tutarlı səbəb göstərilmədən özgəninkiləşdirilə bilməz. Üçüncüsü, avtomobil əldə edildikdən sonra 2 il ərzində heç bir halda Rusiya Federasiyası və Belarus Respublikası ərazisində istifadə edilməsi üçün satıla bilməz. Bu öhdəlikləri pozan müştərilərə bizim tərəfimizdən böyük məbləğdə cərimələr tətbiq edilə bilər”.

Aytəkin Qardaşova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.