Qiymət 25-30 manat oldu, amma sürət yenə aşağıdır - İnternetlə bağlı şikayətlərinizi bura GÖNDƏRİN
23-08-2024, 09:54
Azərbaycanda internetin qiyməti qalxdıqdan sonra da keyfiyyətlə ilə bağlı iradlar bitmək bilmir. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilib. Lakin vətəndaşların çoxu provayderlərinin vəd edilən sürətdən daha aşağı internet ötürdüklərini bildirirlər.
Bəs, internetin keyfiyyəti və qiyməti arasındaakı balans barədə ekspertlər nə düşünür?
İKT üzrə ekspert Elvin Abbasov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda internet qiymət artımı yoxdur, əksinə internetin qiyməti aşağı düşüb:
"Əvvəllər 18 manata 40 Mbit/s internet aldıqda 1 Mbit/s başına 0.40 qəpik düşürdü. Hazırda isə Azərbaycanda alt limit internet paketləri ləğv olunaraq, onun yerinə 100 Mbit/s-ə 25 manat alt limit paketlər təyin olunub. Bu, o deməkdir ki, meqabit başına 0.40 qəpik deyil, 0,25 qəpik düşür. Daha yüksək limitli paketlər dünya praktikasında da mövcuddur. Avropa ölkələrində, qonşu ölkələrdə, Türkiyədə ən aşağı limitli internet paketləri 100 Mbit/s ilə başlayır. İnternet qiymətləri bəzi ölkələrdə bizdəkindən bir neçə manat daha aşağı və ya daha yuxarıdır. Misal üçün, Niderlandda 100 Mbit/s internetin qiyməti 43-48 evrodur, digər ölkələrdə 10-15 evro, yaxud dollardır. Bu, bizim pulla 19-25 manat edir. Gürcüstan, Türkiyə kimi qonşu ölkələrdə isə internet sürəti bizimlə eyni, hətta daha yuxarı qiymətlə ölçülür".
Onun sözlərinə görə, internetin keyfiyyəti baxımından bir çox ölkələr şikayətçidirlər:
"Azərbaycanda internetin alt limitlərinin ləğv olub, yuxarı limitlərinin təyin olunmasındakı əsas amil ölkədə internet infrastrukturunun - fiberoptikləşmənin dövlətin, beynəlxalq təşkilatların qrantı əsasında yox, özəl və dövlət provayderlərinin daxili büdcəsi hesabına yaradılması ilə daha çox əlaqəlidir. Yəni ki, yerli və dövlət şirkətləri birgə sərmayə qoyaraq ölkənin ən ucqar rayon və kəndlərində fiberoptikləşmə qurulub. Ölkə miqyasında 92 faizin üzərində, Bakıda isə 95 faizin üzərində fiberoptikləşmə gedib. 100 Mbit/s-lik limitlər isə dünya praktikasında da sabitdir, bizdəki yerli, özəl və dövlət provayderləri də bu praktikaya əsaslanır".
Ekspert vurğuladı ki, keyfiyyət baxımından həm vətəndaşların, həm də provayderlərin günahı ola bilər:
"Bu, o deməkdir ki, vətəndaşlar ilk olaraq modemlərinin yerini təyin edərkən diqqətli olmalıdırlar. Çünki internet kabeli gərgin elektrik kabellərinin yanında olarsa, internetin keyfiyyəti aşağı düşər. Əgər modemdən bir az uzaqlaşan kimi, keyfiyyət düşürsə, bu, modemin radiusu ilə əlaqəlidir. İstisna olunmur ki, provayderlər də ədaalətsiz yanaşa bilər. Bu barədə şikayətlər yaxşı olar ki, arqumentləşmiş formada olsun. İstifadəçilər "speed-test"dən istifadə edərək internetin sürətini ölçüb, ekran görüntüsünü götürüb, şikayətlərində qeyd edə bilərlər. Azərbaycanda internet provayderlərini tənzimləyici qurum var - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA). Həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də mövcuddur. İKTA-nın ayrıca olaraq e-şikayət portalı var ki, vətəndaşlar sırf internetlə bağlı şikayətlərini bura göndərə bilərlər. Bu zaman tənzimləyici orqanın əlinə xeyli fakt keçir ki, filan provayderlə bağlı xeyli şikayət var və ona qarşı lazımi tədbir görülməlidir. Provayderlərdə də problemlər ola bilər, ancaq məlumdur ki, vətəndaşların bu mövzuda səriştəsi azdır. Buna görə yaxşı olar ki, öz şikayətlərini arqumentləşmiş formada etsinlər, yəni sadəcə "internet yaxşı deyil" deməklə kifayətlənməsinlər".
Elvin Abbasov qeyd etdi ki, bu aralar tez-tez "şərikli internet" ifadəsini eşidirik:
"Bu, özlüyündə texniki əsaslanmayan quru bir fikirdir. Şərikli internet o deməkdir ki, əlavə siqnal gücləndirici olmalıdır və s. Lakin texniki biliyi olmayan insanların internet barədə fikirlərini bildirməsi çox absurddur. Bəzi platformaların özünəməxsus internet tələbi var. Güclü internet tələb edən resursa daxil olub internetin sürətindən şikayətlənmək yalnışdır".
Ekspert əlavə etdi ki, rayonlarda bir-iki provayderin qiyməti qaldırmaması istisna edilmir:
"Qanunvericiliyin tələbinə görə, bəzi provayderlər qiyməti fərqli vaxtlarda qaldırmış ola bilərlər. Belə ki, özəl və dövlət provayderləri internet qiymətini qaldırmadan bir ay öncə xəbər verməlidirlər və belə də oldu. Yəni ki, özəl provayderlər ayrı-ayrı vaxtlarda öz məlumatlarını dərc etdi və 1 ay sonra qiyməti qaldırdılar. Bu da qanunvericiliyə uyğun addım idi".
Sevinc İBRAHİMZADƏ