Asan viza, hotellərə nəzarət və maraqlı marşrutlar

25-08-2024, 09:14           
Asan viza, hotellərə nəzarət və maraqlı marşrutlar
Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir. 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə dünyanın 182 ölkəsini təmsil edən bir milyon 502,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub. Bu göstəricinin daha da artırılması mümkündür.

Gəlmə turizmi dövlətin rifahının artırılmasının mühüm mənbəyi olmaqla yanaşı, gəlirli və intensiv turizm növlərindən hesab olunur. Dünya ölkələri iqtisadiyyatlarının inkişafı üçün gəlmə turizminə daha çox diqqət yönəldirlər.

Son illər bizim ölkəmizə gələn turistlərin sayında artım olması da bu sahədə görülən işlərin hədəfə doğru irəliləməsindən xəbər verir. Xüsusən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən bir milyon 502,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin daxil olması gəlmə turizminin inkişafında xüsusi bir mərhələ sayıla bilər. Təbii ki, bu statistikanı daha da inkişaf etdirmək və ölkə iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaq olar.

Turizmçilər gəlmə turizminin inkişafında ölkəmizin xaricdə təbliğatının, beynəlxalq siyasi, idman və mədəni tədbirlərin və s. rol oynadığını qeyd edirlər. Bununla belə, bu istiqamətdə görülməli işlərin çox olduğunu da deyirlər.

Turistlərin ölkəmizə gəlməsinə səbəb

Turizmçi Tərlan Quliyev hesab edir ki, ölkəmizə gələn turistlərin sayının artmasının köklü bazası var: “Bu, uzun illər hazırlanan hərtərəfli strategiyanın nəticəsidir. Prezident fərmanıyla ölkəmizdə “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Bu sənəddə turizmin inkişafı və 2025-ci ilə qədər turist sayının 6 milyona çatdırılması nəzərdə tutulmuşdu. Uzun illər Azərbaycanın xarici ölkələrdə təmsil olunması, beynəlxalq sərgilər, konfranslar, biznes tədbirlərinin ölkəmizdə keçirilməsi və s. ölkəmizə turist axınına səbəb olur. Təbii ki, biz bununla kifayətlənmir, dünyanın bütün qitələrində ölkəmizi təmsil etməkdə davam edirik.


Qarşıda Formula 1-in Bakı Qran Pri-si və COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirlər var. Bu mühüm tədbirlər də dünya turistlərinin ölkəmizə marağının artmasına səbəb olacaq”. Turizmçi hesab edir ki, bu tip tədbirlərin davamlı olması Azərbaycanı böyük bir turizm destinasiyasına çevirə bilər: “Bunun üçün hər cür potensialımız, ölkəmizin tarixi-mədəni irsi, təbiəti, turistlərə təklif etmək üçün marşrutlarımız var. Bütün bunlar ölkəmizin turizm bumu yaşamasına səbəb ola bilər”.

Ancaq Qəbələ və Qusarla kifayətlənmək olmaz

Gəlmə turizmi üzrə menecer Vasif Yadigarovun fikrincə, gəlmə turizminin inkişafına yönəlmiş layihələrin sayının artırılmasına ehtiyac var: “Turistlərin diqqətini cəlb edən layihələr hazırlamaq lazımdır. Ən əsası, viza şərtlərinin asanlaşdırılmasıdır. Məsələn, Hindistanla ölkəmiz arasında viza rejimi sadələşdirilib. Ona görə də onlar daha çox başqa ölkəyə deyil, Azərbaycana gəlirlər. Hesab edirəm ki, Avropanın diqqətini çəkən daha keyfiyyətli layihələr hazırlamağa da ehtiyac var. Çünki ölkəmizdə daha çox potensial var, sadəcə onları dəyərləndirmək lazımdır”. Turizmçinin fikrincə, ölkəmizdəki hotellərin hamısı ulduzuna görə adekvat omasa da, sayı kifayət qədərdir: “Təbii ki, aşağı səviyyəli butik hotellər də olmalıdır. Çünki hər turist öz cibinə uyğun hərəkət edir. Bizdə hotel turizmi güclü inkişaf etmir. Hotellərə güclü nəzarət olsa, onların təsnifatlaşması da düzgün olar”. Turizmçi digər problemi paketlərə daxil olan rayon səfərlərinin azlığında görür: “Əksər paketlərə rayonlar daxil edilib. Amma şablon olaraq hamısında iki rayonun – Qəbələ və Qusarın (Şahdağ) adı yer alıb. İstərdik ki, bunların da sayı çox olsun”.

Aşağı büdcəli aviaşirkətlərə ehtiyac

Turizmçi Anar Həsənov isə gəlmə turizmində turist sayının artırılmasına əsas maneəni aşağı büdcəli (loukost) aviaşirkətlərin ölkəyə cəlb edilməməsində görür: “Hazırda ölkədən uçan “loukost” aviaşirkətlər Budapeştə və ya Abu-Dabiyə 55 dollara uçurlar. Ölkəmizdə bir çox hava limanları var. Gəncə, yeni açılan Zəngilan, Füzuli və s. aeroportlara “loukost” şirkətləri cəlb etsələr, vağzallardan həmin hava limanlarına birbaşa avtobuslar təşkil olunsa, bu, böyük effekt verər. Təəssüf ki, bizdə əvvəl aşağı büdcəli aviaşirkət vardı, sonra onu yığışdırdılar. Quru sərhədlər açıq olanda turistlər Gürcüstana gedib oradan uçurdular. İndi o imkan da yoxdur”. Turizmçi uçuş biletlərinin hazırda çox baha olmasından şikayətlənir: “Hazırda Bodruma gediş-dönüş bileti 1300 AZN-dir. Türkiyə bizim üçün necə önəmlidirsə, türk vətəndaşları da eləcə Azərbaycana gəlmək istəyirlər. Amma bu məbləğə bilet almaq onlara əl vermir. İstanbula baqaj daxil birtərəfli uçuşun qiyməti 450 AZN-dir. Türkiyədə yaşayanların ölkəmizə gəlməsi üçün qiymətin aşağı olması lazımdır. Olmadıqda onlar daha ucuz bilet alıb başqa ölkələrə getməyə üstünlük verirlər. Müştəri xaricə getmək istəyəndə ilk növbədə biletin qiyməti ilə maraqlanır. O, hoteli büdcəsinə uyğun qiymətə seçə bilir. Bunun üçün müxtəlif seçimlər var. Amma təyyarə bileti almaq üçün belə bir seçim yoxdur. Digər tərəfdən, dəmiryolunun inkişafına ehtiyac var. Bizdə sürətli qatarlar olsa da, sürətləri çox deyil. Bu problemlər həll olandan sonra ölkəmizdə də turistlərin sayı çoxalacaq. Bu isə hotellərin sayının artmasına səbəb olacaq. Məsələn, mətbəxi, təbiəti fərqli olduğuna görə Lənkəran zonasını turistlər üçün seçirik. Amma orada üzə çıxarılası cəmi bir hotel var. Say artandan sonra rəqabət yaranacaq və qiymət formalaşdırılacaq. Hazırda isə bizim ölkəmizdə istirahət etmək xaricdə istirahət etməkdən üç dəfə bahadır”.

Təranə Məhərrəmova
kaspi.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.