Avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir
25-08-2024, 09:44
Bakının Yasamal rayonunda daha bir küçədə ictimai nəqliyyatın rahat hərəkəti üçün xüsusi hərəkət zolağı təşkil edilib.
Xezerxeber.az xəbər verir ki, söhbət metronun "İnşaatçılar" stansiyasının qarşısından keçən Abbas Mirzə Şərifzadə küçəsindən gedir. Zolaq küçədə bir istiqamət üzrə çəkilib. Yəni Abbas Mirzə Şərifzadə küçəsinin İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən başlayan zolaq Müzəffər Həsənov küçəsi ilə kəsişməyə qədər davam edir. Zolağın ümumi uzunluğu 4 km-dən çoxdur. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Bununla belə, zolaqda hələ də avtomobil park edənlər var idi. Polis əməkdaşları mütəmadi olaraq ora baxış keçirib, qayda pozanlara protokol tətbiq edirdilər.
Bu arada Şərifzadə küçəsində xüsusi zolağın çəkilməsi həmin yolun kənarında olan obyekt sahiblərinin narazılığına səbəb olub. Onlar müştərilərinin zolağa görə yolun kənarında avtomobil saxlaya bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Ətraflı süjetdə: