“Onun günahı yoxdur, müharibəyə məcburi aparılıb”

27-08-2024, 08:24           
“Onun günahı yoxdur, müharibəyə məcburi aparılıb”
Ukraynada əsir düşən Toğrul Mustafayevlə bağlı Prezidentə müraciət edildi

Göyçay rayonu, S.Vurğun küçəsi, ev 92 sakini Mustafayeva Zülfiyyə Abdurəhman qızı tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən Z.Mustafayevanın məktubunu olduğu kimi dərc edirik:

"Qaynımın oğlu Mustafayev Toğrul Ayaz oğlu Rusiya vətəndaşı olduğu üçün onu məcburi müharibəyə aparıblar və Ukraynada əsir düşüb. Mən buna görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən kömək istəyirəm.

Toğrul 1989-cu il tarixdə Göyçayda anadan olub. Vətən müharibəsində kəşfiyyat taborunda iştirak edib, müharibə veteranıdır. Müharibədən sonra burada iş tapmadğı üçün Rusiyaya gedib, orada ailə həyatı qurub, rəsmi nigaha daxil olub. Buna görə Rusiya vətəndaşı olub.

Rusiya-Ukrayna müharibəsinə görə 2024-cü ilin may ayında onu məcburi müharibəyə aparıblar. İyul ayında axırıncı dəfə bizimlə telefon əlaqəsi yaratdı. Bundan sonra heç bir əlaqə olmadı. Sonradan bizə məlum oldu ki, müharibə zamanı yaralanan Toğrul Ukraynaya əsir düşüb.

Ağlamaqdan gözlərimizin yaşı quruyub. Toğrulun azyaşlı qızı hər gün atasını soruşur. Nə edəcəyimizi bilmirik. Anası yataq xəstəsidir, Toğrulu uşaqlıqdan mən böyütmüşəm.

Cənab Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Ombudsman Səbinə xanım Əliyevadan, Ukrayna və Rusiyanın Azərbaycan Respublikasındakı səfirliklərindən, Azərbaycanın Ukraynadakı diaspor cəmiyətindən çox-çox xahiş edirəm, Sizə yalvarıram Toğrulun əsirlikdən azad edilməsinə köməklik göstərin. Onun günahı yoxdur, müharibəyə məcburi aparılıb. Xahiş edirəm, köməklik göstərin".

Hazırladı: Jalə FAMİLQIZI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.