Yol polisi deyir ki, Azərbaycanda - GÜNDƏ CƏMİ 4 QƏZA BAŞ VERİR - SIĞORTANIN RƏQƏMLƏRİ 70 DƏFƏ ARTIQDIR
27-08-2024, 09:58
Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı yeni statistika açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda görə, 2024-cü ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında cəmi 681 hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində, 931 nəfər zərər çəkib, onlardan 333-ü həlak olub, 598 nəfər yaralanıb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12,7 faiz, zərər çəkənlərin sayı isə 11,8 faiz azalıb. Komitə hadisələrin günün hansı vaxtı baş verdiyinə də açıqlayıb. Məlum olub ki, yol-nəqliyyat hadisələrinin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib.
Statistikadan məlum olur ki, qəzaların həftənin günlərindən elə də asılılığı yoxdur – bütün qəzaların 27,3%-i şənbə bazar günlərinin payına düşür ki, bu da adi günlər üzrə orta göstəricidən bir qədər azdır.
Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 9 nəfər yaralanmışdır. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Rəsmi məlumat olsa da, yol nəqliyyat hadisələrinin sayı ilə bağlı rəqəmlər inandırıcı görünmür. Dövləti Statistika Komitəsinin Dövlət Yol Polisinin rəqəmlərinə istinadən yaydığı məlumatdan belə çıxır ki, ilk 6 ayda ölkədə gündə cəmi 3,8 yol hadisəsi baş verib.
Ölkədəki avtomobillərin sayınə nəzərə aldıqda və müşahidələrə əsasən hadisələrin sayı daha çox olmalıdır.
Bu inamsızlığı sığorta sektorunun məlumatları da dolayısı yolla təsdiqləyir. Azərbaycan Mərkəzi Bankının mütəmadi olaraq açıqladığı sığorta bazarı üzrə göstəricilərə əsasən, 2024-cü ilin yanvar-iyun aylarında avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası –sadə desək, avtomobillərin icbari sığortası üzrə təqribən 58 milyon manat, daha dəqiq desək 57 milyon 975 min 300 manat sığorta ödənişi edilib.
Qeyd edək ki, icbari sığortanın mühüm xüsusiyyəti, burada ödənişlərin limitli olmasıdır. Yəni burada qəzada zərər çəkən hər bir avtomobil üzrə maksimum 5000 manat ödəniş etmək mümkündür. Başqa sözlə, hətta güman etsək ki, bu dövrdə ölkədə baş verən bütün qəzalarda avtomobillərə maksimum məbləğ, yəni 5000 manat ödəniş edilib, bu zaman sığorta sektorunda qeydə alınan qəzaların 17 dəfə artıq olduğu üzə çıxar. Hərçənd ki, heç də bütün sığorta hadisələrində zərər çəkənlərə maksimum məbləğ (5000 manat) ödənilmir, əksər hallarda sığorta ödənişləri 1,5-3 min manat arasındla dəyişir. Bunu nəzərə aldıqda, ilk yarım ildə sığorta sektorunda qeydə alınan hadisələrin sayının daha çox, yəni təqribən 15-20 min ola bilər.
Avtomobillə hadisələrin sayı barədə daha dəqiq cavabı isə İcbari Sığorta Bürosu (İSB) verib. İSB-dən FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilin ilk 6 ayında avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtomobillərin icbari sığortası) üzrə qeydə alınan sığorta üzrə 47 893 sayda hadisə baş vermişdir.
Bu – gündə 266 hadisə deməkdir və Dövlət Statistika Komitəsi və Dövlət Yol Polisinin açıqladığı rəqəmlərdən 70 dəfə artıqdır.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı
2024-cü ilin yanvar-iyun aylarında
2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi
681
87,3
Məkanına görə:
magistral avtomobil yollarında
92
102,2
yaşayış məntəqələrində
589
85,4
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı
289
83,5
toran vaxtı
125
98,4
gecə vaxtı
267
87,0
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü
635
86,6
digər (yaş, buz və s.)
46
97,9
Zərərçəkənlərin sayı, nəfər
931
88,2
həlak olanlar
333
86,0
yaralananlar
598
89,4
Fed.az