Bazarda idxal yağlar kəskin azalıb - Keyfiyyətsiz məhsulun bol olmasındansa...

28-08-2024, 07:04           
Bazarda idxal yağlar kəskin azalıb -
Market vitrinlərini bəzəyən, müxtəlif adlar altında satılan, əhalinin çox zaman keyfiyyətindən narazı qaldığı kərə yağları azalmağa başlayıb. Bu gün marketlərdə əvvəlkilər kimi müxtəlif adlar altında satılan çeşid-çeşid kərə yağlarını görmək mümkün deyil. Alıcılar “almaq istədiyimiz yağ bir gün olanda, bir həftə olmur”, - deyir.

Yaxud da elə yağ markaları var ki, artıq marketlərdə onların satışı, ümumiyyətlə, həyata keçirilmir. Yağ qıtlığı sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır. Bir sözlə, indiyə kimi keyfiyyətindən narazı olduğumuz yağlar hazırda ümumiyyətlə yoxa çıxıb.

Mağazalarda yağ çeşidlərinin azalmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı TNS-ə danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yağlarla bağlı ciddi yoxlamaları olur. Eyni zamanda, sosial şəbəkələrdə mütəxəssislərin təqdim etdiyi yağ testləri əhalinin yağlarla bağlı məlumatlanmasına təkan verir: “Mütəxəssislər təmiz yağları müəyyən etmək üçün testlər təqim edir. İnsanlar həmin testləri aldıqları yağın üzrərində tətbiq etməklə yağın keyfiyyətini müəyyənləşdirə bilirlər. Bu səbəbdən də vətəndaşlardan yağlarla bağlı ciddi narazılıq, şikayət olur. İnsanlar artıq nə yediklərinin fərqinə varır. Nəticədə qurumlar bunları araşdırır. Ona görə də keyfiyyətsiz yağlara təlabatla yanaşı, ölkəyə yağ idxalı xeyli azalıb.

Məsələnin digər bir səbəbi də var. Bu gün gömrükdə ölkəyə gətirilən yağın keyfiyyəti ilə bağlı ciddi tələblər qoyulur. 2024-cü il yanvarın 1-dən etibarən, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, Azərbaycana məhsul ixrac edən şirkət mütləq ölkə daxilində qeydiyyatdan keçməlidir. Bu qeydiyyatın müəyyən tələbləri var. Tələblərə cavab verməyən şirkətlər qeydiyyatdan keçə, Azərbaycana məhsul ixrac edə bilmirlər. Buna görə də yanvar ayından bəri ölkəyə yağ idxalı kəskin azalıb”.

İqtisadçı prosesi müsbət qiymətləndirir və hesab edib ki, marketlərdə keyfiyyətsiz yağların bol olmasındansa, keyfiyyətli yağların məhdud şəkildə olması daha yaxşıdır.

A. Nəsirlinin sözlərinə görə, əhali yağa olan təlabatını ödəmək üçün alternativ yollar tapır: “Rayonlardan küstar üsulla hazırlanmış yağları almaq imkanı olan vətəndaşlar marketlərdən yağ almaqdan imtina edirlər. Bu vəziyyət həm də yerli istehsalı stimullaşdıracaq. İnsanlar küstar üsulla hazırlanmış yağ axtaracaq. Fermerlər bu təlabatı görüb təsərrüfatlarını genişləndirəcəklər. Biz artıq yerli fermerlərə investisiya qoymağa başlayacağıq. Elə insanlar var ki, illərdir, marketdən yağ alımır. Yerli fermerlərə sifariş edirlər və daha təmiz, ucuz kərə yağı alırlar. Şəxsən mən sonuncu dəfə Beyləqanın kəndlərindən birindən kərə yağının bir kilosunu 15 manata almışam. Bu gün Bakıda oturub rayondan yağ alan yüzlərlə insan var”.

İqtisadçı onu da vurğulayıb ki, yağ bazarında olan boşluğu aradan qaldırmaq üçün bir sıra addımlar atıla bilər: “AQTA-nın tələblərinə uyğun gələn digər şirkətlər idxalı bərpa edə bilər. Belə ki, yağ ixrac edəcək şirkətlər ölkəmizdə qeydiyyatdan keçməli, onların məhsulları tələblərə cavab verməlidir.

Digər tərəfdən, rayonlarda küstar üsullarla hazırlanan yağların bazara, mağazalara çıxa bilməsi üçün təşəbbüs göstərilməlidir ki, onlar da öz istehsalını genişləndirə bilsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.