Azərbaycanda saatlıq əməkhaqqı:
28-08-2024, 07:54
Bu gün dünya ölkələrində saatlıq minimum əməkhaqqı məbləğinin hansı səviyyədə müəyyənləşməsi və digər amillər mövcuddur.
Orta hesabla Azərbaycanda bir işçi üçün 150 saatlıq fəaliyyət dövrü müəyyənləşir. Bu isə bir saat üçün 2 manat 20 qəpik ekvivalentinə uyğun gəlir.
Əslində isə ölkədə olan mövcud qiymətlər və sosial faktorlar nəzərə alınsa, təxminən 4 manat 50 qəpik və yaxud 5 manat ətrafında bir saat üçün minimum əməkhaqqı tətbiq edilməlidir.
Maraqlıdır, bunu Azərbaycanda tətbiq etmək mümkün olacaq?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, ilk olaraq saatlıq minimum əməkhaqqı məbləğinin tətbiq edilməsinin məqsədinə baxmaq lazımdır:
“Məhz hökumət əməkqabiliyyətli əhalinin iqtisadi, maddi maraqlarını daha səmərəli müdafiə etmək üçün həftəlik, günlük, hətta saatlıq minimum əməkhaqqı müəyyən edir. Azərbaycanda bu sırada olan alətlərdən yalnız minimum aylıq əməkhaqqı istifadə edilir. Bu minimum aylıq əməkhaqqı 345 manatdır.
Məsələn, 4 nəfərdən ibarət ailə üzvü var, 1 uşağı 4 yaşındadır, digəri 1 yaşındadır. Ana da bu iki uşağa baxır. Vətəndaş da 345 manat minimum əməkhaqqı alır. Bu 4 nəfərdən ibarət ailənin minimum istehlak səbətini qarşılamaq üçün 1000 manat vəsait lazımdır. Biz ən primitiv alətlə öz əməkqabiliyyətli əhalimizin iqtisadi və maddi maraqlarını necə qoruyuruq?
Onun tələbatının üçdə birini verməyi tələb edirik. Sahibkardan tələb edirik ki, “sən mənim vətəndaşıma 345 manatdan az əməkhaqqı verə bilməzsən”. Digər tərəfdən bizim həyata keçirdiyimiz sosial müdafiənin fəlsəfəsinə, minimum istehlak səbətinə görə bu vətəndaşın gəliri 1000 manat olmalıdır.
Biz ən primitiv alətlə əməkqabiliyyətli əhalinin iqtisadi maraqlarını bu cür qoruyuruqsa, artıq həftəlik, günlük, saatlıq minimum əməkhaqqına keçməyimiz əhəmiyyətsizdir. İlk olaraq biz bu primitiv, yəni saatlıq minimum əməkhaqqı modelini inkişaf etdirməliyik.
Qeyd edim ki, hökümət də buna cavab olaraq deyə bilər ki, vətəndaş həm də müraciət edib ünvanlı sosial yardım ala bilər. Sadə vətəndaşın əsaslı olaraq müraciət edib asanlıqla ünvanlı sosial yardım alması mümkün deyil. Gərək bir neçə ay “sürünəsən”, sənəd toplayasan.
Əgər vətəndaş uşaqların doğum şəhadətnaməsi, özlərinin şəxsiyyət vəsiqəsi və nikahın surəti ilə asanlıqla ünvanlı sosial yardım ala bilirsə, minimum əməkhaqqının o səviyyədə qalmasını haradasa izah etmək olar. Ancaq bu, belə deyil, hazırda asanlıqla ünvanlı sosial yardıma müraciətlə, onu asanlıqla əldə edib, öz istehalk səbətini bərpa etmək mümkün deyil.
Ona görə də Azərbaycanın sosial müdafiə sistemini o hədəflərdən, minimum həftəlik, günlük, saatlıq əməkhaqqından hələ çox uzaqlarda görürəm.
Xatırladım ki, Azərbaycan 2001-ci ildə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına üzv olanda öhdəlik götürmüşdü ki, minimum əməkhaqqını 5 il ərzində orta aylıq əməkhaqqının 60 faizinə çatdıracam.
Artıq 2024-cü ildir və minimum əməkhaqqı hazırda orta aylıq əməkhaqqının təxminən 34,5 faizinə bərabərdir. Nəzərə alsaq ki, minimum əməkhaqqı 1000 manatdan çoxdur. Bakıda artıq bu rəqəm 1150-1200 manata yaxınlaşır”.