Uçub tökülən poliklinikalarda axtardığımız sağlamlıq
29-08-2024, 09:23
Bakının Xətai rayonunda yerləşən 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Poliklinika Bölməsinin baxımsızlığı müzakirə mövzusu olub.
Sosial şəbəkələrdə paylaşılan fotolarda poliklinika divarlarının uçub töküldüyü, qapıların yararsız olduğu diqqət çəkib.
Vəziyyətdən şikayət edən vətəndaş qeyd edib ki, bu cür yararsız yerdə tibbi xidmət almaq məcburiyyətində olduğumuz halda bizim hər birimizin əməkhaqqından icbari tibbi sığorta üçün iki faiz pul tutulur.
"Əgər biz özəl tibb müəssisələrinə getmək məcburiyyətində qalırıqsa, o zaman maaşımızdan iki faiz niyə tutulur?" - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən poliklinikanın mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub.
"Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssislərindən ibarət Koordinasiya qrupu fəaliyyət göstərir.
Hazırda bu sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq təhlillər aparılır, layihə və təkliflər hazırlanır.
Qeyd olunan məsələ ilə bağlı isə bildirmək istəyirik ki, adı keçən müəssisənin mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub, həlli istiqamətində işlər görülməkdədir" - deyə açıqlamada vurğulanır.\\Oxu.az