MANAT RƏSMƏN ÖLÜB... - FAKT BUDUR!
30-08-2024, 18:41
Son günlər valyuta bazarında avronun güclənməsi çox diqqət çəkir. Avronun dollara nisbətinin 1,12 həddini keçməsi illərlə qeydə alınmayan göstəricidir. Avqustun son həftəsində Avropa valyutası yüksək mövqeyə çatmağı bacardı. Bakıda banklar, valyutadəyişmə məntəqələri avronu 1,885 manata götürməyə başladı. İndi xüsusilə səyahətsevərlər narazı görünür. Çünki Avropaya gedənlər avronu 1,9 manatdan ucuz ala bilmir.
Bizimyol.info xəbər verir ki, xarici valyuta satışı da artıb. Valyuta hərraclarında 2024-cü il üçün satışın indiyəqədərki göstəricisi 5 milyard dolları keçib. Keçən ilin eyni dövrü ilə müqayisədə vəsait 2,2 dəfə artıb. Təkcə avqustda satış 650 milyon dollara çatıb. Məsələn, 2023-cü ilin avqustunda bundan 44 faizə qədər az göstərici qeydə alınmışdı.
Avqustun 29-da valyuta hərracındakı tələb xeyli böyük olub. 80 milyon dollardan çox satış rəsmiləşib. Avqustun 27-də də ciddi tələbat diqqət çəkmişdi. Onda 75,8 milyon dollar satılmışdı.
Ekspertlər devalvasiya ehtimalından danışmağı xoşlamır. Hesab olunur ki, COP 29 tədbiri ərəfəsində bundan söz açmaq yersizdir. Haqlıdırlar, böyük ehtimalla noyabrın sonunadək devalvasiya qeydə alına bilməz. Amma bazardakı təşvişi də gizlətmək olmur.
Ekspertlər həmişəki arqumenti də səsləndirir. Onlar idxalın payının artmasını xüsusi vurğulayırlar. Bu da satış rəqəmlərinin böyük olmasına təsir edə bilər. Amma daxili təlatüm yaxşı bir şey vəd etmir.
Avqustda valyuta hərracında yalnız bir gün satış həyata keçirilə biləcək. Yenə rəqəm böyük olarsa, aylıq satış həcmi 700 milyon dolları keçəcək. Əlbəttə, ilin rekordu qeydə alınmır. Çünki fevralda satış 920 milyon dolları keçmişdi. Onda da süni təşviş yaradılması özünü göstərmişdi. Banklar köhnə əsginasları qəbul etməməyə başlamışdı. Əhalidə belə təsəvvür yaranmışdı ki, yaxın günlərdə devalvasiya olacaq, yoxsa banklar əl-ayağa düşməz.
Devalvasiya mütləq olacaq, sadəcə, zaman məsələsi var. Bunu haradasa təbii hadisə kimi qarşılamaq lazımdır. Çünki bazardakı məzənnə manatın real gücünü əks etdirmir.