Azərbaycanda ərzaq istehsalı: Özümüzü təmin edə bilirikmi?
31-08-2024, 10:34
"Azərbaycan ərzaq məhsullarına olan təlabatının 50%-i daxili istehsal hesabına həyata keçirir. Azərbaycan daha çox meyvə və giləmeyvə istehsal edən ölkədir. Amma meyvə və giləmeyvədə biz özümüzü beynəlxalq normaya uyğun olaraq 37% təmin edirik".
TEREF bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə statistik məlumata aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, ölkə cəmi 40% ət istehlak edir:
"Beynəlxalq norma var. Bu normanı bütün dünya ölkələri qəbul edir. Bəzi ölkələr özlərinin normasını müəyyən ediblər. Ona uyğun da əhalinin ərzaqla təminatını həyata keçiriblər. Bizdə isə norma müəyyən edilməyib. Minimum əmək haqqının müəyyən etmək üçün minimum istehlak səbəti var, yəni orada da hədd müəyyən ediblər ki, yaşından asılı olaraq 30-35 kiloqrama kimi ət yeyə bilər. Bu, norma deyil. Bu minimum həddir ki, ona uyğun da minimum əmək haqqını müəyyən edirlər".
Vahid Məhərrəmov Azərbaycanda ərzaqla bağlı normanın müəyyən və belə bir sənədin qəbul edilmədiyini vurğulayıb:
"Məsələn, ötən il ərzində ən az ət yeyilibsə, yaxud da bu il çox ət yeyilibsə bu göstərilmir. Ümumilikdə beynəlxalq norma var, hamı ona əməl edir. İl ərzində hər adam başına ət norması 78 kiloqramdır. Azərbaycan isə hər adam başına 30 kiloqram istehlak edir. Belə bir vaxtda heç vaxt Azərbaycanın ət və ət məhsulları üzrə təminatı 85,3 ola bilməz".
Ekspert yumurta ilə bağlı məlumatlarda da yalnışlığa yol verildiyini diqqətə çatdırıb:
"Adam başına illik yumurta norması 290 ədəddir, Azərbaycan isə istehsal edir 190 ədəd. Azərbaycan beynəlxalq normaya uyğun olaraq yumurta ilə özünü təmin etmir. Yadınızdadırsa bir müddət qabaq Rusiyada yumurta istehlakı ilə bağlı problem yaranmışdı, Azərbaycandan idxal ediblər. Adam başına Rusiya 350 ədəd yumurta istehlak edir. Bu normadan daha çoxdur. Bu il Rusiyada təlabat daha da artıb. Bunun səbəbləri var idi. Putin çıxışında bildirmişdi ki, "elə gün olub ki, 9 yumurta yemişəm". Yumurta ilə biz özümüzü təmin edə bilmirik".
Qeyd edək ki, Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə məlumat açıqlanıb. Dövlət Statistka Komitəsinə istinadən verdiyi məlumata görə, heyvandarlıq məhsullarında Azərbaycan yalnız yumurta üzrə özünü tam təmin edə bilir - 102,2 faiz, ət və ət məhsulları üzrə təminat 85,3 faiz, süd və süd məhsullarında 84 faiz, balıq və balıq məhsullarında 75,4 faizdir.
Bahar Rüstəmli