Azərbaycanda metal tullantılarının ixrac rüsumları kəskin artırılıb
6-09-2024, 16:54
Qərara əsasən, metal tullantılarının mövcud ixrac rüsumları artırılıb, həmçinin, ixrac rüsumu tətbiq olunmayan bəzi metal qırıntılarına ixrac rüsumları təyin edilib.
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, metal tullantılarının mövcud ixrac rüsumları artırılıb, həmçinin, ixrac rüsumu tətbiq olunmayan bəzi metal qırıntılarına ixrac rüsumları təyin edilib.
Qərara əsasən, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının 1000 kq üçün tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişarağzı və təkrar əritmə üçün külçələrin (şixta külçələri) tarif dərəcəsi 1000 kq üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.