150 kursant Naxçıvanda biletsiz qalıb - ŞİKAYƏT
6-09-2024, 12:24
Naxçıvana yay tətilinə gəlmiş H. Əliyev adına Hərbi İnsititutun 150-yə yaxın kursant geri qayıtmaq üçün bilet tapa bilmir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup kursant valideyni məlumat verib. Onlar gecikmə səbəbindən övladlarının insititutdan qovulacaqlarından ehtiyat edirlər.
Valideyinlərdən V. Bayramov deyir ki, onlayn bilet almağa cəhd etsələr də mümkün olmayıb. Aerokassalardan bilet almaq isə, qeyri-mümkündür:
„2 və 3-cü kurslar üçün dərslər sentyabrın 10-da başlayır. Hərbidə qanunu bilirsiniz. Uşaqlar 1-2 gün geciksələr, institutdan çıxarılacaqlar. Dündürdük ki, 20 gün qabağa rahat bilet ala biləcəyik. 15 gündür bilet axtarırıq, tapılmır. Nə onlayn, nə də ki kassalarda. Bileti yalnız işbazlardan ikiqat artıq qiymətə almaq olur. Buradan AZAL rəhbərliyinə müraciət edərək xahiş edirik ki, bizi biletlə təmin etsinlər “.
Digər valideyin S. Xəlilov da çıxılmaz vəziyyətdə olduqlarını bildirir:
“Çıxılmaz vəziyyətdə qalmışıq. Necə olur ki, rüşvətlə istənilən günə bilet almaq olur, biz 15 gündür bilet tapa bilmirik? Kursantlara xüsusi diqqət göstərilməlidir ki, dərsə gecikməsinlər. 1-2 gün də gözləyəcəyik. AZAL elan edir ki, biletləri əvvəlcədən onlayn alın. Lakin, heç cür bilet tapmaq mümkün deyil. Hətta, 20 gün sonraya da. Əgər, bilet olmasa, aerokassanın qarşısında kütləvi etiraz aksiyası keçirəcəyik”.
TEREF