Pullarını ərəblərə xərcləyənlər gəlib doluşub Naxçıvana... – AZAL nə etməldir?

6-09-2024, 16:18           
Pullarını ərəblərə xərcləyənlər gəlib doluşub Naxçıvana... –
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas hissəsi ilə yeganə əlaqə vasitəsi hava yoludur. Naxçıvandan Bakıya və əks istiqamətə təyyarə bileti tapmaq illərdir ki, ciddi problemlərdən biri olub. Hər gün Bakıdan Naxçıvana və əks istiqamətə 4 təyyarə reysi həyata keçirilir. Zərurət olduqda isə reyslərin sayı artırılır. Xüsusilə yay aylarında Naxçıvana gediş-gəliş çox olduğundan sərnişin sıxlığı yaranır. Bir neçə il bundan əvvəl bu sərnişin sıxlığının aradan qaldırılması istiqmətində tədbirlər görülmür, Naxçıvandan Bakıya, paytaxtdan da muxtar respublikaya getmək istəyənlər günlərlə hava limanlarında gözləyir, bəzən on günlərlə bilet tapa bilmirdilər. Ancaq son vaxtlar AZAL-ın Naxçıvana xüsusi diqqəti sayəsində ciddi problem yaranmırdı.

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığının yarandığı ilə bağlı xəbərlər yayılır, AZAL tənqid olunur.

TNS-in redaksiyasına da edilən müraciətlərdən sonra bu məsələni araşdırdıq.

Məlum oldu ki, hazırda Bakıdan Naxçıvana və əks istiqamətə hər gün 14-16 reys həyata keçirilir. Paytaxdan muxtar respublikaya getmək üçün hər gün 10-dan çox reysə təyyarə bileti almaq mümkündür. Bəs Naxçıvandan Bakıya bilet tapmaq niyə müşkülə çevrilib?

Naxçıvandakı mənbələr bildirdi ki, son 10-15 gün ərzində Bakıya qayıtmaq üçün Türkiyədən Naxçıvana 5 min nəfərdən çox Azərbaycan vətəndaşı gəlib. Onlar İraqa ziyarətə gedən vətəndaşlarımızdır. Yay tətilini Naxçıvanda keçirmək üçün doğma yurduna gedən naxçıvanlıların, ali məktəblərə qəbul olunan tələbələrin də məhz avqustun sonu, sentyabrın əvvəllərində Bakıya qayıtdığını nəzərə alsaq, belə vəziyyətin yaranması başadüşüləndir.

Mənbənin sözlərinə görə, AZAL yaranan problemin həlli üçün əlavə reyslər ayırıb, sərnişinlərin çoxu Bakıya daşınıb, Naxçıvan hava limanındakı sıxlıq aradan qaldırılıb. Hava yolu şirkəti problemin tamamilə həlli məqsədilə əlavə tədbirlər görür.

AZAL-ı tənqid edən sosial şəbəkə istifadəçiləri şirkətin Azərbaycan vətəndaşlarına, xüsusilə Naxçıvana laqeyd münasibət göstərdiyini yazır. Hesab edirik ki, bu, çox ədalətsiz yanaşmadır. Son bir ildə AZAL-ın Naxçıvana göstərdiyi diqqət son 30 ildə heç vaxt göstərilməyib. Bir də nəzərə alaq ki, AZAL təkcə Naxçıvana deyil, ölkəmizin başqa bölgələrinə, dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir. Axı həmin reyslərlə uçan sərnişinlərin də çoxu Azərbaycan vətəndaşlarıdır. İndi şirkət nə etməlidir? Bütün təyyarələrini Naxçıvana ayırmalı, digər reysləri təxirə salmalıdır? Bəs o zaman şirkət dünyanın müxtəlif ölkələrinə getmək istəyən vətəndaşlara, sərnişinlərə haqsızlıq etmiş olmayacaq?

Bakıdan Naxçıvana daha az sərnişin getməsinə, reyslərin rentabelli olmamasına baxmayaraq, AZAL hər gün 14-16 reys həyata keçirərək vətəndaşların Bakıya daşınmasını təmin edir.

AZAL əvvəlki dövrlərdən qalma problemlərin hamısını həll edə bilməyib. Bu gün də bir sıra nöqsanlar, problemlər var. Amma yaxşı cəhət odur ki, həmin problemlərin həlli istiqamətində ciddi işlər görülür. Tənqid etmək, qarlamaq asandır. Arada yaxşı işləri də qeyd etmək, ədalətli olmaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.