Beynəlxalq Komitə üzvü olan professorumuzun Misirə getməsinə kim mane olub?- Sadəcə pul tapmayıb

10-09-2024, 16:49           
Beynəlxalq Komitə üzvü olan professorumuzun Misirə getməsinə kim mane olub?- Sadəcə pul tapmayıb
Məlum olduğu kimi bir neçə gün öncə Misirdə növbəti Beynəlxalq İnformatika Olimpiadası -İOİ 2024 başa çatıb. Dünyanın ən nüfuzlu, bütün qlobal şirkətlərin izlədiyi, mötəbər bir beynəlxalq yarışmadır.
Bu olimpiadada 4 qızıl aldığı bildirilən Çin komandasına aid bir skandal ilə bağlı, İOİ qaydalarını pozduqlarına görə 2 qızıl medallarının əlindən alınması ilə bağlı İOİ Beynəlxalq Komitəsinin qərarı olduğunu öyrəndim.
Qərarı Beynəlxalq Komitə verdiyindən, bu qeyd etdiyim faktı dəqiqləşdirmək üçün qurumun hazırda Azərbaycandan olan üzvü, ADA Universutetinin professoru, buradakı İT Məktəbin keçmiş dekanı Araz Yusubov ilə əlaqə saxladım.
Və dəhşətə gəldim .
Məlum oldu ki, Araz müəllim pul tapa bilmədiyinə görə bu mötəbər tədbirə qatıla bilməyib.
Təsəvvür edin, Azərbaycan üçün şərəf gərirən, nüfuzlu bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunan az saylı şəxslərdən biri olasan, amma pulsuzluqdan orada iştirak edə bilməyəsən.
Araşdırma ilə müəyyən etdim ki, Araz Yusubov çox çalışıb ki, vəsait əldə etsin. Lakin nə bu sahəyə məsul qurum olan Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu, nə sponsor olan Azercell, nə də Olimpiadaya Hazırlıq Mərkəzi Beynəlxalq Komitə üzvünün səfərini maliyyələşdirə bilməyib. Hansı ki sadəcə yol xərci, təxminən 2-3 min manat ödənilməlidir.
Doğurdanmı adı çəkilən qurumlar bu vəsaiti tapa bilməyiblər. Görəsən 4-5 nəfər komanda üzvü üçün yol xərcinin ödənildiyi halda, bu olimpiadanın rəhbəri statusunda olan bir şəxsin yol xərci üçün vəsait tapılmaması nə dərəcədə ağlabatandır.
Kim edib bunu, nə üçün edib?
Bilmirəm, burada sadəcə sayğısızlıq və diqqətsizlik olub, yəni qəsdən olmayıb, bəlkə sadəcə məsuliyyətsizlik olub. Yaxud da kiminsə intriqaları, ambisiyaları, gözü götürməzliyi, paxıllığı, ya nəsə bu tip pis niyyətləri olub.
Mən təxmin edirəm nə baş verib.
Ümid edirəm bir daha təkrarlanmaması üçün, bu tip proseslərdə Azərbaycan maraqlarının və sadəcə ədalətin təmin edilməsi üçün nazir Emin Əmrullayev araşdırma və tədbir görmək üçün tapşırıq verəcək.
Amma acı reallıq odur ki, biz bir çox halda özümüzünkülərə dəyər verə bilmirik.
Təsəvvür edin, Beynəlxalq Komitə seçkili qurumdur, Çin, Braziliya, Fransa kimi ölkələrin nümayəndəsi İOİ Beynəlxalq Komitəsinə seçkilərdə uduzur, bizim professor qalib gəlir, amma toplantılara və tədbirlərə getməyə pul tapmır.
Ağlasığmazdır və çox təəssüf edirəm.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.