“Tik Tok”da meymunluq edərək rahat pul qazananlar vergi verməlidir - İqtisadçıdan sərt reaksiya

11-09-2024, 00:08           
“Tik Tok”da meymunluq edərək rahat pul qazananlar vergi verməlidir - İqtisadçıdan sərt reaksiya
"Azərbaycan və "TikTok" kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir".
"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır", - deyə o qeyd edib.

Tanınmış İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov “Sherg.az”a bildirib ki, gəlir vergisinin təsnifatına nəzər saldıqda bir çox hallarda reqressiv yanaşmalara rast gəlirik:

“Daha çox gəlir əldə edənlər, daha çox vergi ödəməlidir. Çünki bu iqtisadiyyatın aksiyomudur. Lakin təəssüflər olsun ki, bir sıra hallarda əksinin şahidi oluruq. Sosial şəbəkələrdən, xüsusən də “Tik Tok” üzərindən gəlir əldə edənlərdə də vergi ödəmirlər. Lakin onların fəaliyyətinin mahiyyəti, əldə etdiyi resursların həcmi proaqressiv şkala üzrə vergiyə cəlb olunmağını zəruri edir. Ona görə də bu istiqamətdə müvafiq addımların atılması vacibdir. Əsasən vergi sistemi, fiskal siyasət iqtisadiyyatda formalaşan gəlirlərə uyğun olmalıdır. Yəni gəlirlər çoxalırsa, vergidə çox ödənilməlidir. Eyni zamanda gəlirlərin strukturu, mahiyyəti təhlil olunmalıdır. Əlavə dəyər daha çox əmək tutumlu sahələrdə formalaşırsa, orada müvafiq güzəştlər və stimullaşdırıcı tədbirlər də ola bilər. Əgər əlavə dəyər sosial şəbəkələr, maliyyə bazarları və böyük əmək tutumlu sferalara aid deyilsə, vergi və fiskal yükünün də həcminin artırılması məqsədə uyğundur”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, 345 manat alan şəxslər də vergi verir:

“Gəlir əldə edən hər bir şəxs vergi ödəməlidir. Bu həmin şəxsin arzu və istəyindən asılı deyil. Vergi Məcəlləsində kimlərə güzəştlərin tətbiq edildiyi göstərilir. Gəlir əldə edən, qazancı və əmlakı olan şəxslərin hər biri vergi verməlidir. Bu qanunda var. Əgər hökumət müəyyən etsə ki, filankəs bu qədər “Tik Tok” dan pul qazanıb ancaq vergi ödəməyib həmin şəxsi cərimələyə də bilər. Sadəcə bunu sübut edə bilmirlər. Lakin araşdırma gedir. Qayda tapıldıqdan sonra tətbiq ediləcək. “Tik Tok”da meymunluq edərəkrahat pul qazananlar vergi verməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.