Uculaşma gözləyirik... amma BAHALAŞA BİLƏR... - AKTUAL

12-09-2024, 11:06           
Uculaşma gözləyirik... amma BAHALAŞA BİLƏR... - AKTUAL
Qazaxıstan və Rusiyada taxıl sahəsində yaranan qıtlıq, bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Bir müdət əvvəl isə Azərbaycanda unun topdansatış qiymətinin son aylarla müqayisədə aşağı düşdüyü üçün çörəyin ucuzlaşacağı gözlənilirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, dünya bazarında, o cümlədən regionda baş verən proseslər iqtisadi qeyri-müəyyənlikləri artırır.

“Təbii olaraq, hər bir ölkə çalışır ki, ilk növbədə mühüm əmtəə qrupları üzrə daxili bazarını qorusun, lazım olan həcmdə məhsul çıxarsın. Bizim Rusiya və Qazaxıstanla kifayət qədər dayanıqlı ticarət əməkdaşlığımız var. Bu bizim daxili bazarın taxıl ilə təminatı nöqteyi-nəzərdən sabitliyin qorunmasına şərait yaradır. Amma Qazaxıstanda da, Rusiyada da buğda ixracı ilə bağlı müəyyən məhdudiyyətlər vaxtaşırı olur və belə olan halda qiymətlərə təsiri gözləniləndir”, - o qeyd edib.

Ekspertin fikrincə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür:

“Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir. Düşünürəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar. Eyni zamanda davamlı şəkildə çörək istehsalçılarının daha əlverişli şərtlərlə kredit resurslarına çıxışlarını təmin etməliyik. Çünki son nəticədə kreditin baha olması bilavasitə qiymətlərə öz təsirini göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.