Manat özü ucuzlaşmayacaq: Bəs dəyəri?

13-09-2024, 18:26           
Manat özü ucuzlaşmayacaq:
Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq.

Bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir.

Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir.

EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.

Manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacağı təqdirdə, alıcılıq qabiliyyəti necə dəyişəcək?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, Azərbaycanda inflyasiya birmənalı şəkildə davam edəcək:

“Hazırda dünyada inflyasiyaya məruz qalmayan valyuta yoxdur.

Müasir maliyyə sistemi elə inflyasiyanın üzərində qurulub. Çünki bank sistemi sələmçiliyin üzərində qurulub.

Bütün kreditlər əgər faizlədirsə, inflyasiya olacaq, böyük ehtimalla daha da güclü davam edəcək. Əgər söhbət qarşıdakı 2029-cu ilə qədər olan dövrdən gedirsə, Azərbaycan iqtisadiyyatını heç də yaxşı illər gözləmir.

Bizim neft hasilatımız azalır, nəticədə valyuta ehtiyatımız da azalacaq. Hazırda yerli istehsal da zəifdir. Gözləmirəm ki, 5 ilə nəsə ciddi dəyişiklik baş versin. Çünki Azərbaycanda investisiya mühiti yoxdur. Bəlkə də gələcəkdə inflyasiya indikində daha çox olacaq.

O ki qaldı milli valyutanın dollara qarşı məzənnəsinə, mən elə optimistik proqnoz verməzdim. Əksinə 2029-cu ilə qədər çox böyük ehtimalla devalvasiya olacaq. Çünki Azərbaycanın valyuta ehtiyatları getdikcə azalacaq. Hardan artacağını da görmək mümkün deyil.

Neft hasilatı azalır, qiyməti də böyük ehtimalla yüksək olmayacaq.

Daxili iqtisadiyyatımız da inkişaf etmir. Bütün göstəricilər bunu göstərir. Hesab edirəm ki, inflyasiya da davam edəcək, nəinki 5 ildə, yaxın 3 ildə devalvasiya qaçılmazdır. Qaz isə neftin yerini verməyəcək. Qismən ola bilər, ancaq tam olaraq o qədər gəlirli deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.