"Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə bilərlər" - REAKSİYA
14-09-2024, 00:09
Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir.
Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır:
“Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”. kapital bank vakansiya
B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var:
“El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”.