"Azwiki problemi"nin həlli düz istiqamətdə getmir
18-09-2024, 07:54
Baxıram ki, "Azwiki problemi"nin həlli düz istiqamətdə getmir.
Fərid bəyin və digər ictimai fəalların problemi, yəni çox sayda şəhidlərin məqalələrinin bir anda silinməsini qabartması və ictimailəşdirməsi, davamlı olaraq gündəmdə saxlaması doğru bir yanaşma idi.
Bununla belə qlobal bir platformanın lokal icmasında yaranan problemin həlli istiqamətində hazırda tutulan yol ağlabatan deyil.
Ehtiyat edirəm ki, sonda biz bir problemi həll etmək istədiyimiz zaman Azərbaycan maraqlarına cavab erməyən başqa bir problemlə üzləşərik.
Mən problemin həlli ilə bağlı ilk gündən qeydlərimi yazmışdım.
Bir daha vurğulamaq istərdim ki, problem "3000 şəhid məqaləsinin" silinməsində yox, Azviki icmasının idarəçiləri arasında yaranan böhranla, icma ilə idarəçilər arasında yaranan narazılıqla, bu böhranın dərinləşməsindən doğan , ölkəmizin maraqlarına cavab verməyən nəticələrlə bağlıdır.
Yəni görünən odur ki, bizim dostlarımız nəticədən daha çox yapışıblar.
Əgər biz böhranı aradan qaldırmasaq, indiki nəticə öz həllini tapsa da, gələcəkdə digər problemlər qaçılmaz olacaq.
Amma qlobal resurs üçün, onun bəlli qaydaları var və konflik həll edən qurumları var.
İcmada böhran olanda mütləq bu üst səviyyədə həllini tapmalıdır. Azviki icmasında sağlam, demokratik, şəffaf, kollegial və icma üzvlərinin hamısının özünüidarəsinə əsaslanan bir mühit formalaşdırmaq çox vacibdir.
Aşağı səviyyədə idarəçilərə davamlı təzyiqlər, gözüm-çıxdıya salmaq, "xain elan etmək" yolverilməzdir.
Bir daha bildirirəm Azviki icması Azərbaycan maraqlarının reallaşmasında pulsuz -parasız, ictimai əsaslarla xeyli faydalı işlər görüblər.
Baxdım ki Mətbuat Şurası Sədri Reshad Mecid də haqlı olaraq bu məqamları doğru hesab etməyib.
Bir daha bildirirəm ki, bizdə baş verənlərə uyğun digər ölkələrdə də bu tip problemlər olub. Wikipediada konkret bu tip problemlərin həlli qaydaları nəzərdə tutulub.
Ümid edirəm Farid Pardashunas növbəti addımlarda bunları nəzərə alacaq.
Biz gərək problemin sivil qaydada, Wikipedia qaydaları çərçivəsində və Azərbaycan maraqlarını nəzərə almaqla həllinə üstünlük verək.
Osman Gunduz
TEREF