Şərqi Azərbaycan vilayətində siyasi fəal şirkət tərəfindən ətraf mühitin çirkləndirildiyinə dair paylaşımlarına görə məhkəməyə verilib

15-10-2024, 17:14           
Şərqi Azərbaycan vilayətində siyasi fəal şirkət tərəfindən ətraf mühitin çirkləndirildiyinə dair paylaşımlarına görə məhkəməyə verilib
Şərqi Azərbaycan vilayətində siyasi fəal Səid Minayi Kaveh Soda şirkətinin ətraf mühiti çirkəndirdiyinə dair sosial mediada paylaşımlar etdiyinə görə məhkəməyə verilib.

Yazar və siyasi fəal Səid Minayı bu barədə öz Instagram səhifəsində məlumat yayıb.

Kaveh Soda şirkətinin şikayəti ilə haqqında məhkəmə işi açıldığını bildirən Səid Minayi ona məhkəmənin mövzu ilə bağlı göndərdiyi elektron bildirişin surətini Instagram hesabında paylaşıb.

Şərqi Azərbaycan vilayətinin Urmiyə gölünün ətrafındakı bölgələrində fəaliyyət göstərən və şüşə fabrikləri üçün xammal, eləcə də yuyucu vasitələr istehsal edən Kaveh Soda şirkəti illərdir ki ətraf mühit fəallarının tənqid və etirazları ilə qarşı-qarşıyadır.

Səid Minayi öz Instagram səhifəsində yazıb: “Mən bir neçə ay əvvəl Kaveh Soda şirkətinin tullantı sularını Urmiyə gölünə axıtmaq üçün Binab şəhəri və kəndlərində qazma işləri apardığı zaman bunun təhlükələri və gələcəkdəki fəsadları ilə bağlı yazılar və kliplər paylaşmışdım. İndi bir neçə ay keçdikdən sonra sərvət və qüdrət sahibi olan və məhkəmə sisteminin dəstəyindən yararlanan bu şirkət məndən şikayət edib ki, güya, ətraf mühitə zərər verən fəaliyyətləri ilə bağlı yaydığım məlumat yalandır!”
Keçən təqribən bir il ərzində fəaliyyətlərinin Urmiyə gölünün Qərbi Azərbaycan vilayətində yerləşən sahil bölgələrinə doğru genişlənməsi ilə bərabər şirkətə qarşı etirazlar artıb.

Keçən yanvar ayında Urmiyə gölünün şimal sahillərində yerləşən Qara Qışlaq kəndinin ərazisi və otlaqlarında Kaveh Soda şirkəti tərəfindən sodium karbonat zavodunun tikintisinə qarşı keçirilən etiraz aksiyaları çox sayda kənd sakininin həbsi ilə nəticələnmişdi.

Bölgə sakinləri və ətraf mühit fəalları xüsusilə Kaveh Soda fabriklərindən tullantı suların Urmiyə gölü, eləcə də əkin yerləri, içməli su və otlaqlara zərər verdiyini önə çəkirlər.
Binab şəhərinin sakini, yazar və siyasi fəal Səid Minayi keçən illərdən bəri sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.