Ölkəyə gələn-gedən pul "balans"ı pozulub...

16-10-2024, 11:29           
Ölkəyə gələn-gedən pul "balans"ı pozulub...
Bir neçə gün əvvəl keçirilən İqtisadi Şuranın iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib. Bildirilib ki, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır.
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkənin real iqtisadi vəziyyətini müəyyən edən əsas amillərdən biri onun tədiyə balansı deyilən göstərici sayılır. Yəni ölkədən çıxan valyuta həcmi ilə ölkəyə daxil olan valyuta həcmi arasında mövcud nisbət nəzərə tutulur.

“Vətəndaşın aylıq gəliri xərclənəndən üstün olmalıdır ki, həmin ay ərzində fəaliyyət göstərə bilsin. Müvafiq tələblərini ödəyə bilsin, təkrar iş qüvvəsini tətbiq etmək üçün müvafiq imkanlara sahib olsun. Dövlət də elədir. Yəni dövlətin gəliri və çıxarı onun valyuta gəlirləri, valyuta xərcləri ilə ölçülür. Bunlar arasında nisbət pozulanda yəni ölkədən daha çox valyuta çıxıb, ondan aşağı səviyyədə valyuta daxil olanda bu həmin ölkənin iqtisadiyyatında müvazinəti pozur. Maliyyə sabitliyinə ölkənin milli pul vahidinin dəyəri üçün böyük bir təhlükə yaradır və nəticədə dövlət büdcəsindən hətta sosial xərcləri belə ödəmək üçün imkanlar daralır. Yəni hər bir ölkənin iqtisadi qabiliyyəti gücü onun məhz xarici valyuta üzrə gəlir və çıxarı ilə mövcud maliyyə ehtiyatları sahəsində ki, mövqeyi ilə imkanları ilə ölçülür. Son vaxtlar statistikaya əsasən, ölkədən çıxan xarici valyutanın həcmi getdikcə daha çox artır. Yəni bunların artım sürəti arasında balans pozulub, disbalans yaranıb. Ölkədən çıxan valyuta həcmi artan tempi getdikcə daha sürətlə yüksəlir, dinamika nümayiş etdirir, ölkəyə daxil olan valyuta isə bizi qarşıda böyük təhlükələrlə üzləşdirə bilər. Onsuz da xarici ticarət dövriyyəmiz azalmaqdadır və ixracımız həm neft hasilatının azalması ilə bağlı, həm qlobal bazardakı mövcud qiymətlərlə əlaqədar və s. ilə bağlı enir, əvəzində idxal həcmi genişlənir. Bu da deməkdir ki, getdikcə bizim valyuta gəlirlərimiz azalır. Ölkəyə idxal genişlənirsə, ölkədən valyuta çıxarışının həcmi artır. Həmin məhsullar xarici valyuta ilə alınıb gətirilir. Bu da o deməkdir ki, ölkədən həmin xarici valyuta çıxmalıdır. Bu zaman həmin məhsulu alıb gətirmək mümkün olur”-deyən ekspert hesab edir ki, bu tendensiya çox təhlükəli bir tendensiyadır. Əgər vaxtında bunun qarşısı alınmasa, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

İqtisadçı qeyd edib ki, bu səbəbdən də, cənab prezidentin sentyabrın sonunda keçirdiyi müşavirədə verdiyi tapşırıqlardan biri də ondan ibarət olmuşdu ki, statistikaya əsasən ölkədən valyuta çıxarışının həcmində olan artım yəni genişlənmə nəzarətə götürülsün və ixrac etdiyimiz məhsullar üzrə qazandığımız xarici valyuta ölkəyə gətirilsin. Bu da tez bir zamanda həyata keçirilsin.

“O, cümlədən ölkədən lüzumsuz kapital ixracı, yəni valyuta çıxışı məhdudlaşdırılsın. Əgər bunun qarşısını qısa müddət ərzində almaq mümkün olrsa, yəni hökumətin keçirdiyi iqtisadi şöbənin son iclasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində buna nail olunarsa bu ən əsası, ölkə iqtisadiyyatını qarşıda gözləyən bir sıra çətinliklərdən və böhrandan xilas olunacağı deməkdir. Əks təqdirdə, bunu nəzarətsiz buraxmaq arzuolunmaz nəticələrə gətirib çıxara bilər”-deyən Pərviz Heydərov vurğulayıb ki, bunun da ən real göstəricilərindən biri manatın devalvasiyası ilə ortaya çıxa bilər. Bu səbəbdən də, bu təhlükəli vəziyyətin baş verməməsi üçün təcili tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.