Ölkəyə qaytarılmayan valyuta vəsaitlərinin aqibəti necə olacaq? - AKTUAL
16-10-2024, 12:20
Azərbaycanın İqtisadi Şurasının iclasında ixrac zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı inzibati və cinayət məsuliyyəti tədbirləri müzakirə edilib. İclasda qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Ekspert: "İxrac edilmiş malların pulu 180 gün ərzində ölkəyə daxil olmalıdır"
Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, İqtisadi Şuranın əsas mandatı ölkədə maliyyə və makroiqtisadi sabitliyə nail olmaqdır:
"Burada önəmli nüanslardan biri ölkədən valyuta axınının qarşısını almaqdır. Çünki bu addım ölkənin valyuta rezervlərini azaldır. Qaydaya görə, ixrac edilmiş malların pulu 180 gün ərzində ölkəyə daxil olmalıdır. Əgər 180 gün ərzində pul ölkəyə daxil olmasa, Azərbaycan Mərkəzi Bankının hüquqi və fiziki şəxsləri cərimə etmək hüququ var. Mərkəzi Bank zaman-zaman hüquqi və fiziki şəxsləri bu istiqamətdə cərimə edir".
Ekspertin fikrincə, burada nüans odur ki, hökumət ümumiyyətlə, bu cərimələrlə razı deyil, ixrac edilmiş malların dəyərinin tam qaytarılması üzərində nəzarəti artırmaq istəyir:
"Ona görə də bu sahədə vəziyyət müzakirə edilir. Yəqin tədiyə balansının profisiti azaldıqca bu məsələlərə daha ciddi diqqət yetirmək və lazım olarsa, preventiv tədbirlər görmək istəyirlər. Çünki bu, ölkədən pul çıxışının bir kanalıdır deyə bunun cari vəziyyətini müzakirə edə bilərlər. Burada söhbət məhz ixrac edilmiş məhsulun pulunun geri qaytarılmasından gedir. Amma əvvəlki illərlə müqayisədə bu sahədə vəziyyət ciddi şəkildə yaxşılaşıb".
Xaricə pul köçürmələri və ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarət gücləndiriləcək
Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, İqtisadi Şuranın iclasında müzakirə edilən məsələlərdən biri Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub:
"Prezident İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib. Burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır".
Deputat diqqətə çatdırıb ki, bu ilin geridə qalan aylarının rəsmi statistikası göstərir ki, ixrac miqdarının azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunur:
"Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26,2 milyard dollar olub. Onun 15,4 milyard dolları ixracın, 10,7 milyard dolları isə idxalın payına düşüb. Keçən ilin yanvar-iyul ayları ilə müqayisədə idxal 3,0 faiz, ixrac 6,1 faiz azalıb. Enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın miqdarına da təsirsiz ötüşməyb. Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlər 36,4 faiz azlasa da Azərbaycandan xaricə vəsait köçürmələri 34,7 faiz artıb".
"Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir" - deputat əlavə edib.
İqtisadi Şuranın iclası keçirilib
Qeyd edək ki, 10 oktyabrda Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. İclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək "Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları", ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati və cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.
Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış ediblər.
Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
İxrac olunan malların müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi ixrac olunan mallar barədə məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir.