Neft ixracı azalıb, hər ay göstəricilər pisləşir, alternativ yol yoxdur - "Güvəndiyim dağlara qar yağdı"...

17-10-2024, 12:29           
Neft ixracı azalıb, hər ay göstəricilər pisləşir, alternativ yol yoxdur -
Azərbaycanda neft hasilatının sürətlə azaldığını bilirik. Vaxt var idi, ildə 50 milyon tondan çox məhsul əldə olunurdu. İndi heç 30 milyon tona da iddia etmirik. Üstəlik, neft ixracı da azalır. Əvvəlki illərlə müqayisədə edəndə çox böyük fərq gözə dəyir. Təkcə keçən illə müqayisədə geriləməni görmək kifayət edir. 2023-cü ilin ilk 8 ayı ərzində 18,5 milyon ton neft ixrac etmişdik. Bu ilin 9 ayı ərzində isə ixrac 17,6 milyon ton olub.

Bizimyol.info xəbər verir ki, bu istiqamətdə gəlir də azalıb. Bu ilin 9 ayı ərzindəki gəlir heç keçən ilin 8 ayının göstəricisinə çatmır.

Yenə İtaliyaya daha çox neft satmışıq. Cənubi Avropa ölkəsinə ümumi ixrac 6,57 milyon ton olub. Keçən il İtaliyaya göndərilən məhsul 7,5 milyon tondan çox olmuşdu. Sonrakı yerləri İsrail (1,46 milyon ton), Çexiya (790 min ton) və Hindistan (683 min ton) tutur. Daha 13 ölkəyə - Xorvatiya, Almaniya, Portuqaliya, Böyük Britaniya, Rumıniya, Tunis, Tailand, Türkiyə, İndoneziya, Serbiya, Yunanıstan, İrlandiya və Niderlanda 100 min tondan çox məhsul satırıq.

Ümumiyyətlə, xarici ticarət əməliyyatlarının həcmi sürətlə azalır. Əvəzində idxalın kəskin artmasını müşahidə edirik. Nəticədə xarici ticarətin müsbət saldosu çox kiçilib.

Neft-qaz sektoru ilə bağlı hər ay statistika açıqlanır. Elə hər ay göstəricilərin pisləşdiyini görürük. Bu sahə gözümüzün qabağında iqtisadiyyatın sütunu statusunu itirir. Alternativ yollar da yoxdur. Çünki belə yol çəkməmişik. Biz neft hasilatı azalan kimi təbii qaz ehtiyatlarından ağızdolusu danışmağı sevirik. Keçən dəfə bu sahənin də göstəricilərini yazmışdıq, aşkar geriləmə var. Yəni qaz gözləntiləri də özünü doğrultmur. Yeni iqtisadiyyat inşa etmək imkanlarını isə sanki əldən vermişik. Gələcək statistikalarda da müsbət çalarlar axtarmayaq. Çünki ümid qalmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.