"Kanalizasiya suyu ətrafa dağılır, baxan yoxdur" - Sabunçudan ŞİKAYƏT

29-10-2024, 17:45           
"Kanalizasiya suyu ətrafa dağılır, baxan yoxdur" - Sabunçudan ŞİKAYƏT
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, N.Nərimanov küçəsi, 4-ün sakinləri kanalizasiya suyunun daşıb ətrafı basmasından şikayətçidirlər.

Onlar Oxu.Az-a bildiriblər ki, hər həftəsonu sözügedən hal baş verir:

"Hər həftəsonu motorxana işləmir, növbətçi də olmur deyə kanalizasiya suyu ətrafa dağılır. Nəticədə küçəni üfunət bürüyür. Bu hal aylarla davam etməsinə baxmayaraq, hər hansı tədbir görülmür. Zəng edirik, müraciət ünvanlayırıq. Lakin "müraciətiniz qeydə alındı" deyirlər, heç bir geridönüş etmirlər. Məcbur qalıb, günlərlə üfunət içində gözləyirik".

Mövzu ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Ceyhun Musaoğlu sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan ünvanlarda mövcud problem intensiv yağıntıların olması səbəbilə müşahidə olunur:

"Yağıntılar zamanı şəbəkələrdə həddindən artıq yüklənmələr olduğundan mövcud infrastrukturun imkanları eyni anda həm yağış, həm də tullantı sularını tam daşımağa imkan vermir".

O, həmçinin qeyd edib ki, hansı ərazilərdə qurumun mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdursa, həmin ərazilərdə xidmət göstərmək çətinləşir:

"Hansı ərazilərdə qurumun mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi varsa, orada mütəmadi təmizləmə işləri həyata keçirilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru