Astarada sahibkar: 'Sifariş veririk, İrandan mal gətirirlər. Bunu da monopoliyaya alıblar'

12-11-2024, 12:48           
Astarada sahibkar: 'Sifariş veririk, İrandan mal gətirirlər. Bunu da monopoliyaya alıblar'
Astara rayonunun mərkəzi bazarında rast gəldiyimiz ortayaşlı qadın deyir ki, super marketlərdə olan bahaçılıq bazarlara da təsir edib. Adının çəkilməsini istəməyən həmən xanım vurğulayır ki, göyərtinin bir dəstəsi 20 qəpik, ev yumurtası 30 qəpikdir: "Həmişə buradan təmizlənmiş kənd beçəsi alırdım, uzaqbaşı bir ədədi 4 manata olurdu. İndi olub 5 manat 90 qəpik. Heç çəkisi 500 qram da deyil. Qiymətə etiraz edəndə adamın üzünə dirənirlər. Əvvəllər bazara ayda üç-dörd dəfə gələrdim, indi ayda bir dəfə də gələ bilmirəm. Pul çatmır. Pul ərzağa və dərmana xərclənir. Aptekə borclu qalmışam. Bazarda limon ucuzdur, 10 ədədi 1 manatadır".

Satıcı: "Adamların alıcılıq qabiliyyəti aşağıdır"
Bazarda alıcı azdır. Dörd-beş yerdə ət satılır. Ət satıcıları gileylənirlər ki, adamların alıcılıq qabiliyyəti aşağıdır. Mal ətinin bir kiloqramı 14-15 manat, qoyun əti 18 manatdır. Bir alıcı deyir ki, tələbat artanda ətin qiymətini qaldırırlar, amma heç vaxt qiyməti endirmirlər.

Bazarın yaxınlığında quş dəni və mal yemi satılır. Satıcının deməsinə görə, ticarətin dövriyyəsi ildən-ilə azalır. Onun sözlərinə görə, dən baha olduğu üçün ev quşu saxlayanların sayı da azalır. O, əli ilə buğda kisəsini göstərib əlavə edir: "Bu buğda kisəsinin çəkisi 50 kiloqramdır, bir aydır yarı olmayıb. Buğdanın kiloqramı 50 qəpikdir, keçənilki qıymətdən fərqlənir. Buğda kəpəyinin qiyməti bir az qalxıb. Bahalaşma ən çox ərzaqlarda var. Alıcı azdır".

"Zəruri ərzaq məhsullarında qiymət tez-tez qalxır"
Rayondakı mağazaların qarşısında isə alıcılar ən çox yağların, ət məhsullarının bahalaşmasından şikayətlənirlər. Bir alıcı deyir ki, yaşamaq çətinləşib: "Evdə məktəbli uşaqlar var, onları düşünürük. Yaxşıdır ki, mən də, həyat yoldaşımı da işləyirik, maaş alırıq. Maaş, əsasən, ərzağa gedir. Marketdə bəzi məhsullarda endirim ediblər. Amma zəruri ərzaq məhsullarında qiymət tez-tez qalxır. Çörəkdə qiymət yerindədir, amma çəkisində fərq var. Çəkmişəm, 500 qramlıq zavod çörəyi 50 qəpikdir. Amma çəkisi 460 qramdır. Buna da min şükür".

"Kərə yağını, yumurtanı hər kəs ala bilmir"
Astara şəhər sakini Asən Həşimli deyir ki, rayonda bir çox insanların əməkhaqqı, pensiyaları yalnız ərzağa çatır. Onun sözlərinə görə, mağazalarda ərzağın qiyməti tez-tez, amma az miqdarda artır. Onun vurğulamasına görə, insanlar qiymətlərdə böyük fərqi yalnız ilin sonunda dərk edirlər: "Kərə yağını, yumurtanı hər kəs ala bilmir. Mən pensiya alıram, 10-15 günə çatır. İranla sərhəd açıq idi, oradan ərzaq alıb bolluq yaradırdılar. Onlar da bizdən bəhrələnirdilər. Kənd təsərrüfatı məhsulları sərhədin hesabına çox da bahalaşmırdı. Sərhədi açmaq lazımdır".
Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yazından Azərbaycanın qonşu ölkələrlə sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-dən pandemiyanın başa çatdığını açıqlasa da, Azərbaycan hökuməti sərhəddəki məhdudiyyətləri saxlayır. Rəsmilər indi də bunu təhlükəsizlik amili ilə izah edirlər.

"Bunu da monopoliyaya alıblar"
Amma bununla belə, sərhədyanı ticarət obyektlərində ötən illərə nisbətən canlanma var. (Astara rayonu İranla sərhəddir) Bağlı olan mağazaların bəziləri fəaliyyətə başlayıb. Sərhədyanı ticarətlə məşğul olan, amma adının çəkilməsini istəməyən bir sahibkarın deməsinə görə, İrandan mal gətirmək problem deyil: "Sərhədlər bağlıdır, nəqliyyat isə işləyir. Sifariş veririk, İrandan mal gətirirlər. Bunu da monopoliyaya alıblar. Öyrəşmişik: İranda da malların qiyməti aşağı düşmür, pul dəyərdən düşür. Oradan sənaye mallarından başqa hər mal gəlir. Düyü, qənd, un məmulatları, şirniyyatlar, soya yağları, yuyucu tozlar gəlir. Qiymət fərqi azdır. Son günlər alıcıların sayında artım müşahidə edirik. Qonşu rayonlardan da gələnlər olur. Astara gömrük məntəqəsinin ətrafında olan yeməkxanalar, çayxanalar, mehmanxanalar, hələlik, işləmir. Qapı açılsa, onlar da işləyər".
Yazıda səslənən tənqidi fikirlərə yerli rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma ölkə rəsmiləri, bir qayda olaraq, monopoliyalarla mübarizədən bəhs edirlər.

Astara şəhər sakini Bəhruz Abdullayev də deyir ki, əvvəllər gömrük məntəqəsinin önündə olan çayxanada işləyib. Onun vurğulamasına görə, sərhədlərdə gediş-gəliş məhdudlaşdırıldıqdan sonra işləri dayanıb: "Bugünə qədər işsizəm. Yalnız mövsümü vaxtı çay sahələrində çalışıram. İki uşağım var, biri azyaşlıdır, digəri məktəbli. Yaxşı qidalanmalıdırlar. Səhər yeməkləri üçün aldığım yağda bahalaşma var. Məcbur olub həftədə iki-üç dəfə yağ verirəm. Balı ixtisara salmışam. Əvvəllər ayda üç-dörd kiloqram ət alırdım, indi ayda iki kiloqram ətə gücüm çatır, onu da uşaqlara veririk. Mənim kimiləri çoxdur. Elə olur ki, belə vəziyyətdə başaqlarına əl tuturam. Görürəm ki, məndən də pis yaşayanlar var. Yaxşı yaşayanlar da var...".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.