"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
Bu gün, 08:24
Şaxtalı havaya baxmayaraq, Naxçıvanda hələ də istilik sistemləri işə salınmayıb. Bundan daha çox əziyyət çəkən isə, bağça və məktəblərdəki azyaşlı uşaqlardır. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur.
Naxçıvan şəhər sakini G. Məmmədova deyir ki, bağçalar və məktəbdəki sinif otaqları soyuq olduğundan, uşaqları evdə saxlamağa məcbur olurlar:
“Nəvəmin biri bağçaya gedir, biri də məktəbdə ikici sinifdə oxuyur. Bir neçə gündür Naxçıvanda havalar daha da soyuyub, gecələr mənfi 4 dərəcəyə kimi şaxta olur. Nə yaşayış binalarında istilik sistemi işləyir, nə də bağça və məktəblərdə. Evdə elektrik plitəsi ilə birtəhər ötüşürük. Bağça və məktəblərdə balaca uşaqlar soyuğa dözmürlər. Bir həftə bunda öncəyə kimi hava nisbətən isti idi. Hazırda soyuq olduğundan, nəvələrimin hər ikisini evdə saxlayırıq. Gedib, xəstələnəcəklərsə, evdə otursalar daha yaxşıdır. Bu nə qanundu, bilmirik. İcra hakimiyyətinə şikayət edirik, deyirlər ki, bir az da dözün, veriləcək”.
Digər şəhər sakini Vidadi Məhəmmədov da istilik sistemlərini işə salınmamasından narazıdır:
“Məcbur olub, elektrik plitəsi işlədirik. Havalar soyuyub deyə, bu da yetmir. Həm də, bu plitələr çoxlu enerji sərf edir ki, bu da büdcəyə əlavə yükdür. Naxçıvan qəribə qanunlarla işləyir. Çox zaman martın sonu və aprel ayının əvvəlində istilik sistemini var gücü ilə işlədirlər. İndi və qışın ortalarıdı, istilik ümumiyyətlə verilmir. Sanki insanların qəsdinə durublar. Bu il qış tez başlayıb, ancaq, nəzərə alan yoxdur”.