“Buna ancaq bir irançı-erməniçi sevinməyə bilər” – Deputatdan sərt sözlər
Bu gün, 10:08
“Media həqiqətən həm milli təəssübkeşliyin və həm də antimilli şərəfsizliyin barometridir. Meydan TV və Toplum Tv-nin strategiyası bəllidir: Azərbaycan dövlətinə qarşı hazırlanmış layihələri icra etmək, insanların sosial narazılıq simptomları üzərindən dövlətə yönəlik etimadsızlıq aurası yaratmaq”.
Hurriyyet.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial media hesabında qeyd edib.
O, bildirib ki, onların paylaşdığı məlumatlar üzərindən rəy yazanların xeyli hissəsi tipik bir erməni nifrəti ilə Azərbaycana və Azərbaycan adına görülən faydalı işlərə yanaşırlar:
“Bu artıq sosial narazılıq kimi anlaşılmamalıdır, bu özündə vətəndaşılığımız daşıyan bir kəsimin yeni erməniçilik dalğası kimi araşdırılmalıdır.
Diqqət yetirin, məşhur futbolçu Ronaldinyo Azərbaycana gəlib, bunun müsbət tərəfləri ilə bağlı tərəfimizdən şərh verilib, bu gəlişin COP-29 zamanı ölkəmizin turizm potensialına fayda gətirəcəyini söyləmişik. Həm Meydan TV, həm də Toplum TV bunu məqsədyönlü şəkildə müzakirəyə çıxarıb və təhqiramiz rəylərin yazılmasına imkan yaradıb.
Olsun, onsuz da mən illərdir həm Milli, həm də Anti-Milli Danabaşizmə qarşı açıq mübarizə aparıram və bunlara da həmin epizodlardan biri kimi yanaşıram. Sadəcə bir gerçəyi aydınlaşdırmaq istəyirəm: Bir iş adamı yaxın dostluq etdiyi Ronaldinyonu öz vəsaiti hesabına (dövlət büdcəsindən yox ha!) Bakıya qonaq gətirir və mötəbər tədbir zamanı ölkəmizi reklam edir! İndi ləyaqətli, dövlətini, Vətənini sevən, hətta hansısa məmurdan, idarəetmədən, sosial durumundan, işsizlikdən narazı olan bir azərbaycanlı buna niyə etiraz etməlidir ki?
FİFA-nın prezidenti də gəlib, Fateh Terim də gəlir, başqaları da gəlir, hər biri də ölkəmizin tanıtımı üçün vacibdir. İnsanlar şəxsi dostluq əlaqələrindən istifadə edib öz ölkəsinin tanıtımına fayda vermək istəyirlərsə buna ancaq bir irançı-erməniçi sevinməyə bilər. Elə sevinmədiklərinə görə də qatılmadılar bu mötəbər tədbirə!
Bunların böyük əksəriyyəti Qarabağ savaşında qələbəmizə də bu cür ağrılı-acılı duyğularla yanaşıblar. Eyniylə cənabi Makron kimi, ağayi Makronian kimi, eyniylə Kim Kardaşyan kimi! İndi məhz bu mövzuda , Ronaldinyonun, yaxud da Məsud Özilin Azərbaycana gəlişi mövzusunda Meydan TV və Toplum Tv-nin profilinə doluşub məhz ölkənin faydasına olanları belə narazılıqla qarşılayanları necə adlandırmalıyıq?”