Saxtakarların meydan suladığı ünvan...
Bu gün, 10:40
Son vaxtlar plastik əməliyyatlar həyata keçirən bəzi şəxslərin tibb sahəsi üzrə ali təhsil almadığı, müxtəlif kurslardan keçdikdən sonra bu sahədə fəaliyyət göstərməyə başladığı barədə iddialar səslənir.
Həkim-terapevt Sübhan Hacıyev TNS-in bu barədə suallarını cavablandırıb.
Həkimin sözlərinə görə, ölkədə səhiyyə, xüsusilə plastik, rekonstruktiv cərrahiyyə sahəsində belə hallara rast gəlindiyi bildirilir: “Belə iddialarla tez-tez rastlaşırıq. Bu cür mübahisəli məsələlər artdıqca vətəndaşların səhiyyə sisteminə inamı azalır. Necə deyərlər, qurunun oduna yaş da yanır. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, dərindən araşdırma aparsınlar, reytinq üçün qalmaqalların yaranmasına vasitəçi olmasınlar”.
Sübhan Hacıyev qeyd edib ki, plastik, rekonstruktiv cərrahiyyə sahəsində çalışan bir çox həkimin təhsili, diplomu, sonradan keçdikləri ixtisas artırma kursları ölkədə həm Təhsil, həm Səhiyyə nazirlikləri tərəfindən tanınıb: “Ölkəmizdə plastik və rekonstruktiv cərrah ixtisasına rezidentura proqramından sonra yiyələnmək mümkündür.
Amma bir çox plastik cərrahın əvvəldən bu sahədə bacarıqları var və uzun müddətdir, bu işlə məşğul olurlar. 20 il əvvəl tibb üzrə ali təhsil alan, uzun müddət bu işlə məşğul olan cərraha indi demək olmaz ki, yenidən rezidentura proqramına qəbul olunsun, beş il oxusun, sonra plastik əməliyyatlar icra etsin.
Ümumiyyətlə, hesab edirəm ki, plastik cərrahiyyə əməliyatı ehtiyac olduqda etdirilməlidir. “Belə istəyirəm, etdirirəm”, - düşüncəsilə hərəkət etmək doğru deyil. Çünki hər bir əməliyyatın müxtəlif fəsadları var. Əgər plastik əməliyyata bir göstəriş varsa, bu, mütləq şəkildə böyük tibb mərkəzlərində olmalıdır. Çünki böyük tibb mərkəzləri qətiyyən diplomsuz, ixtisassız həkimləri işə qəbul etmir”.
Sübhan Hacıyev deyib ki, tibb təhsili və heç bir diplomu olmayan kosmetoloqların sayı xeyli artıb: “İnsanlara tövsiyə edərdim ki, mütləq şəkildə gedəcəyi həkimləri araşdırsınlar ki, sonda problemlərlə üzləşməsinlər. Unutmasınlar ki, onların sağlamlıqları hər şeydən daha vacibdir”.